Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Maksim Tsurkov/
"Mənim üçün I Avropa Oyunlarının idman elçisi olmaq böyük şərəfdir". Bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində 10 metr məsafədən hava tüfəngi ilə atıcılıq yarışlarında gümüş medal qazanan İtaliya təmsilçisi, Olimpiya çempionu və I Avropa Oyunlarının idman elçisi Nikkolo Kampriani deyib.
İdmançı çıxışından razı qaldığını qeyd edib: "Təsnifat mərhələsində çox yaxşı çıxış etdim. Lakin yeni qaydalara əsasən, final mərhələsində hər şey sıfırdan başlayır. Ona görə də kifayət qədər çətin idi, gərgin mübarizə gedirdi. Son atışda bəxtim gətirmədi, ancaq rəqibimin atışı mükəmməl oldu. Çox cüzi fərqlə məğlub oldum və bu, adama pis təsir edir. Ancaq ümumilikdə gümüş medal qazandığım üçün çox xoşbəxtəm".
N.Kampriani, həmçinin I Avropa Oyunlarının idman elçisi təyin edildiyinə görə Əməliyyat Komitəsinə minnətdarlığını bildirib: "Bu mənim üçün böyük şərəfdir. Səhnə arxasından açılış mərasimini izləmək möhtəşəm üstünlükdür. Çox maraqlı və duyğulu anlar idi. İnsanlar bu şou üçün uzun müddət çalışıblar. Hər şey Olimpiya Oyunlarına oxşayırdı və belə bir hadisənin bir hissəsi olmaq son dərəcə həyəcanverici idi. Möhtəşəm infrastruktur və obyektlər yaradılıb. Bu, bəlkə də gördüyüm ən yaxşı atıcılıq mərkəzidir. Ümid edirəm ki, mərkəz gələcəkdə də aktiv fəaliyyət göstərəcək".