Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycan şou-biznesinin tanınmış ulduzlarının ürəkləri qədər özlərinə yaxın bildikləri avtomobilləri barədə dəfələrlə Sizə məlumatlar vermişik. Budəfəki xəbərimiz də avtomobillə bağlıdır. Qəhrəmanımızın fərqi ondadır ki, o, əksər müğənnilərin ulduz olmasında əsas pay sahiblərindən biridir. Söhbət maraqlı kliplərə quruluş vermiş rejissor Nail Naiboğlunun maşınından gedir. Nail tədbirlərin birində çıxışı zamanı dilinin bəlasında düşdü desək, daha yaxşı olar.
"Görürsünüz də, işlərim o qədər çoxdur, vaxt azlığından avtomobilimi belə yuduzdura bilmirəm" sözləri kifayət etdi ki, fotoaparatımızı işə saldıq. Çirki axan avtomobilinin şəkillərinin çəkilməsində bizə yardım etməsini gördükdə isə təəccübümüzü gizlədə bilmədik. "Yəqin, Trend-in oxucularına yetərincə səmimi insan olduğum məlumdur. Heç vaxt verdiyim açıqlamalarda süniliyə yol verməmişəm. Avtomobilimə gəldikdə isə, çirkli olması ilə əlbəttə fəxr etdiyimi deyə bilmərəm. Bir neçə gün bundan əvvəl saytınızda xəbər yayılmışdı ki, müğənni Nadir Qafarzadəyə klip çəkmək üçün İsmayıllıya getmişdik. Əgər lap düzünü bilmək istəyirsinizsə, maşınımın üzərində o rayonun Buynuz meşəsinin palçığı qalıb (gülür). Neyləyim ki, vaxtım olmadığından "avtoyuma" məntəqələrindən heç birinə gedə bilmirəm. Amma başqa çəkilişlər də olduğundan, çox güman ki, həftəsonuna kimi çirkli maşın sürmək məcburiyyətində qalacağam", - Nail Naiboğlu dedi.
Aramsız şəkillər çəkdiyimizi görən rejissor suçəkəni əlinə alıb, avtomobilində qarsaq bağlayan bəzi palçıqları silməyə çalışdı... Çox keçmədi ki, "palçıqlı gözəlçəsi"nə əyləşib, paytaxt yollarında tıxaca düşməmək arzusu ilə yoluna davam etdi. Axı onun əsas məqsədi yarımçıq qalmış yaradıcılıq işlərini tamamlamaqdır.