...

Məleykə Əsədovanın ərə getmək arzusu gözündə qaldı (FOTO)

Mədəniyyət Materials 15 Mart 2011 18:20 (UTC +04:00)
Artıq bir neçə gündür ki, Akademik Milli Dram Teatrı və Musiqili Komediya Teatrının aktyorları "Evlənmə" tamaşası üçün eyni səhnəni paylaşırlar. Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən tamaşanın demək olar ki, hər nümayişi anşlaqla keçir.
Məleykə Əsədovanın ərə getmək arzusu gözündə qaldı (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Ş.Cavadsoy/

Artıq bir neçə gündür ki, Akademik Milli Dram Teatrı və Musiqili Komediya Teatrının aktyorları "Evlənmə" tamaşası üçün eyni səhnəni paylaşırlar. Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən tamaşanın demək olar ki, hər nümayişi anşlaqla keçir.

Müasir səhnə dekorasiyası peşəkar aktyorların əsəri yüksək səviyyədə tamaşaçılara təqdim etməsinə xeyli kömək edirdi. Diqqətçəkən məqamlardan ən vacibi isə baş rolun ifaçısı, illərdən bəri səhnədə yalnız dramatik rolları ilə tamaşaçıların qəlbinə yol tapmış Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın komik obrazı canladırması oldu. Xoşbəxtlik uğrunda mübarizə aparan xanım obrazını canlandıran aktrisa hər birimizin gündəlik həyatımızda qarşılaşdığı sosial problemləri çox mahir şəkildə səhnələşdirməyin öhdəsindən gəldi. Hadisələr dramatik, mistik, eləcə də lirik və komik səhnələrdə cərəyan edir. Ərə getmək arzusunda olan əsas qəhrəman bir çox elçisinin olmasına baxmayaraq, heç cür bu istəyini reallaşdıra bilmir. Və hər şeyin gözəl yekunlaşacağı bir vaxtda nişanlanacağı insan pəncərədən qaçaraq evlənməkdən imtina edir. Şıltaq qız rolununun ifaçısı Məleykə Əsədova ilə yanaşı, digər xalq artistləri - Şükufə Yusubova, Arif Quliyev, əməkdar artistlər Ramiz Məmmədov, Çingiz Əhmədov, aktyorlar - Emma Məlikova, Qurban İsmayılov, Ülviyyə Əliyeva maraqlı aktyor oyunu sayəsində tamaşaçı alqışları ilə mükafatlandırıldılar. Arif Quliyevin sərbəst oyunu, tamaşa zamanı Məleykə Əsədovaya adaxlı düşənlərdən biri kimi ayaqları arasından sürüşüb qaçmaq məharəti tamaşaçıları ən çox güldürən məqamlardan biri oldu. Duzlu-məzəli improvizələri ilə roluna xüsusi şirinlik qatan Çüngiz Əhmədov da ampluasına sadiq qaldığını göstərməklə, peşəkarlığını növbəti dəfə təsdiqlədi. Qeyd edək ki, martın əvvəlində faciəli şəkildə dünyasını dəyişən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, eləcə də "Parni iz Baku" KVN Teatrının aktyoru Elçin Həmidov tamaşanın premyerasında səhnəyə çıxmışdı. Ölümündən sonra onun yaratdığı obraz Musiqili Komediya Teatrının aktyoru Elxan İsmayılova həvalə olunub.

Tamaşanın musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, dirijoru Fəxrəddin Atayev, rəssamı Nabat Səmədova, baletmeysterləri isə Zakir Ağayev və Yelena Ağayevadır. "Evlənmə" tamaşasını canlı izləmək istəyən tamaşaçıları Gənc Tamaşaçılar Teatrına dəvət edirik. Musiqili Komediya Teatrının binası təmirdə olduğu üçün səhnə əsəri sözügedən teatrın binasında nümayiş olunacaq. Qeyd edək ki, Qoqolun eyniadlı əsəri əsasında səhnələşdirilən "Evlənmə" tamaşasına əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti