Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Ş.Cavadsoy/
"Delilik", "Kader utansın", "Her ortamda", "Doğum günü", "Sen hangi mevsimin yağmurusun" mahnılarından ibarət "Delilik" adlı ilk albomunu Türkiyədə hazırlatdıran müğənni Zarina Məmmədova qardaş ölkədən daha bir təklif alıb. Bu barədə Trend-ə müğənninin mətbuat katibi Türkan Məmmədli məlumat verdi.
"Azəri Star" mahnı müsabiqəsinin qaliblərindən biri kimi tanınan Zarina yaradıcılığında dönüş edib Türkiyənin tanınmış "Prome Organizasyon" musiqi şirkəti ilə əməkdaşlığını reallaşdırdıqdan sonra, bir neçə maraqlı təkliflər
almağa başlayıb. İstanbulda fəaliyyət göstərən prodüser mərkəzlərindən biri ona 5 illik müqavilə ilə əməkdaşlıq təklif edib ki, hazırda bu barədə danışıqlar hələ yekunlaşmayıb. Bəlkə də Zarinanın yerinə başqa bir müğənni olsaydı, fikirləşmədən təklifə "hə" cavabı verib karyerasında bütünlüklə dəyişiklik etməyə razı olardı. Amma Zarina qardaş ölkə olmasına baxmayaraq, vətəndən ayrı yaşamağı çox çətin hesab edir. Bu səbəbdən də qəti qərar verməkdə tərəddüd edir. Müqavilənin başqa bir şərtinə görə, Azərbaycan şou-biznesi ilə olan əlaqələr sıfırlanmalı, hədəf bütünlüklə Türkiyədə tanınmağa xidmət etməlidir. Həm də Zarina öz adından imtina edib, başqa təxəllüslə yaradıcılığını davam etdirməlidir. Seçim etmək hədsiz dərəcədə məsuliyyətlidir", - Türkan Məmmədli belə dedi.
Mətbuat katibi onu da əlavə etdi ki, Milli Konservatoriyada xalq artisti Aygün Bayramovadan muğam dərsləri almağa davam edən Zarina, hələki Azərbaycanı tərk etməyib. Və o, paytaxt klublarından birində albomunu geniş auditoriyaya təqdim etməkdən ötrü mini-konsert verməyi planlaşdırır.