...

Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın "Eurovision 2012" təmsilçilərinin ortaq cəhəti

Mədəniyyət Materials 22 Mart 2012 15:53 (UTC +04:00)
Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın "Eurovision 2012" təmsilçilərini birləşdirən ortaq cəhət var.
Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın "Eurovision 2012" təmsilçilərinin ortaq cəhəti

Azərbaycan, Bakı, 22 mart /Trend/

Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın "Eurovision 2012" təmsilçilərini birləşdirən ortaq cəhət var.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın builki təmsilçilərini birləşdirən ortaq cəhət onların "Eurovision" mahnı müsabiqəsi üzrə milli seçimlərdə ardıcıl iştirakıdır. Onların hər birinin ən böyük istəyi Avropanın məşhur mahnı yarışmasında ölkələrini təmsildir. Elə bu məqsədlə də müxtəlif illərdə müntəzəm olaraq ölkələrində keçirilən milli seçim turlarında iştirak ediblər.

Azərbaycanın builki "Eurovision" təmsilçisi Səbinə Babayeva 2008-ci ildən 2011-ci ilədək 4 il ardıcıl olaraq milli seçim turlarında iştirak edib. Nəhayət, bu il arzusuna çatıb.

Xorvatiyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Nina Badriç də bu istəklə 4 dəfə (1993, 1994, 1995, 2003) milli seçimlərdə çıxış edib.

Belarusun məşhur "Litesound" qrupu isə 6 ildir ölkə təmsilçiliyi uğrunda gedən yarışlarda özünü sınayır. Nəhayət, bu arzu gərgin mübarizədən sonra bu il gerçəkləşib.

Makedoniyalı Kaliopi 1996-cı ildə ölkəsini "Eurovision" səhnəsində təmsil etməyə nail olsa da, 2002-ci ildən yenidən bu arzu ilə milli seçimlərə qatılıb. Həmin ildən etibarən 2005, 2009 və 2011-ci illərdə Makedoniyanın milli seçimlərində iştirak edib. Bu il bu şərəfli ad ikinci dəfə ona həvalə olunub.

Anri Coxadze 2008-ci ildən Gürcüstanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyir. Elə buna görə də 3 dəfə (2008, 2009, 2011) müsabiqə üçün keçirilən seçimlərdə olub. Lakin o, bu fürsəti məhz 2012-ci ildə əldə edib.

Hazırda Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstan təmsilçilərinin hər biri böyük həyəcanla mayda Bakıda keçiriləcək "Eurovision" şousuna hazırlaşır. Səbinə Babayeva, Kaliopi, Anri Coxadze, "Litesound", Nina Badriç ən böyük arzularından birini eyni səhnədə - "Bakı Kristal Zalı"nda gerçəkləşdirəcəklər. Onlar eyni arzu ilə bir səhnədə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti