Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Mehdiyev/
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi üçün artıq Avropanın müxtəlif yerlərindən texniki avadanlıqlar gətirən yük maşınları yola düşüb. Trend-in şənbə günü verdiyi məlumata görə, "Eurovision" müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker müsabiqənin rəsmi saytına müsahibəsində deyib.
O bildirib ki, "Eurovision"u bir il müddətində təşhkil etmək çox gərgin əmək tələb edir.
Bekker hesab edir ki, müsabiqəyə hazırlıq cədvələ uyğun aparılır.
"Bakı Kristal Zalı" vaxtında tam hazır olacaq. Artıq Avropanın müxtəlif yerlərindən texniki avadanlıqlar gətirən yük maşınları yola düşüb. İnanırıq ki, hər şey vaxtında və qaydasında olacaq", - Bekker əlavə edib.
"Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand isə deyib ki, may ayına artıq çox az vaxt qalıb və hələ görüləcək işlər çoxdur.
"Bütün bu işlər görülməlidir ki, "Eurovision 2012" mahnı müsabiqəsini lazımi səviyyədə keçirək. Mən görürəm ki, bu istiqamətdə çox gərgin iş aparılır və hər şey may ayına qədər tamamlanacaq. Biz də bunun üçün öz tərəfimizdən lazımi dəstəyi göstəririk", - Yan Ola Sand bildirib.