...

İçərişəhərdə "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində yeni layihəyə start veriləcək

Mədəniyyət Materials 10 May 2012 10:18 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində "Ask me" (Məndən soruş) adlı layihəyə start veriləcək.
İçərişəhərdə "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində yeni layihəyə start veriləcək

Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/

"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində "Ask me" (Məndən soruş) adlı layihəyə start veriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, yerli və xarici könüllülər İçərişəhər ərazisində üzərində "Ask me" (Məndən soruş) yazılmış köynəklərdə gəzəcək və turistləri lazımi informasiya ilə təmin edəcək, onlara bukletlər və təbliğat materialları paylayacaqlar.

İçərişəhərdə turistlərə informasiyanı artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər verəcəklər. Hazırda layihədə iştirak edən könüllülərə Qoruq İdarəsi tərəfindən xüsusi treninqlər keçirilir.

Artıq ərazidə turistlərə informasiya və ekskursiyalar haqqında məlumat verilməsi üçün 3 ədəd yeni informasiya köşkü quraşdırılıb.

Bakı şəhərinin simvolu olan Qız Qalası abidəsində muzey konservasiyası işlərinin birinci mərhələsinin bitməsi ilə əlaqədar olaraq abidənin fasadında quraşdırılmış ayaqaltılar və digər avadanlıqlar sökülüb.

Beləliklə Qız Qalası vizual görüntüsü ilə turistlərin zövqünü oxşamağa hazırdır. Hazırda Qız Qalasının daxilində ekspozisiyanın genişləndirilməsi və təqdimatının dəyişdirilməsi üzərində iş gedir.

İctimai iaşə obyektlərinin sayının artırılması istiqamətində görülən işlər çərçivəsində milli mətbəximizin ləziz nümunələrini təqdim edən bir sıra yeni obyektlər açılıb.

Hotel, ticarət və ictimai iaşə obyektlərinin işçilərinə keçilən sürətli ingilis dili kursları artıq bitmək üzrədir. Qoruq İdarəsinin tabeliyində olan muzeylərin bələdçiləri üçün vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilib.

Xəbər lenti

Xəbər lenti