...

"Eurovision" mahnı müsabiqəsinin qalib duetləri

Mədəniyyət Materials 30 May 2012 15:51 (UTC +04:00)
Eldar və Nigarın 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision" mahnı müsabiqəsindəki birinciliyi Azərbaycanın bu səhnədəki ilk qələbəsi idi. Bu hadisə müsabiqə tarixində maraqlı araşdırmalara da yol açır.
"Eurovision" mahnı müsabiqəsinin qalib duetləri

Azərbaycan, Bakı, 30 may /Trend/

Eldar və Nigarın 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision" mahnı müsabiqəsindəki birinciliyi Azərbaycanın bu səhnədəki ilk qələbəsi idi. Bu hadisə müsabiqə tarixində maraqlı araşdırmalara da yol açır.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, Eldar və Nigar "Eurovision" mahnı müsabiqəsinin 57 illik tarixində 4 qalib duetdən biridir. Müsabiqə tarixində duet kimi yarışanlar arasında ən kəsgin rəqabət 1972-ci ildə Şotlandiyadakı "Eurovision" mahnı müsabiqəsində müşahidə edilib. Çünki həmin vaxt müsabiqədə 18 ölkədən 6-sı məhz qadın-kişi ifaçılardan ibarət duetlərlə təmsil olunurdu.

Avropa tamaşaçıları qadın və kişi ifaçıdan ibarət ilk möhtəşəm duetin qələbəsinə 49 il bundan əvvəl şahid olmuşdu.

I duet: İlk belə cütlük 1963-cü ildə martın 23-də Londondakı 8-ci "Eurovision" mahnı müsabiqəsində qələbə qazandı. Grethe və Jorgen İnqmannlar ölkələri Danimarkaya ilk "Eurovision" həyəcanını bəxş etdilər. Bu səhnəyə çıxanda 38 yaşlı Jorgenlə 25 yaşlı Grethe artıq 7 illik evlilik həyatı yaşayırdı. Qələbədən 12 il sonra isə onlar ailə həyatına son qoydular və həm musiqi, həm də şəxsi həyatlarında yollarını ayırdılar.

II duet: "Eurovision" tarixində növbəti qalib cütlük isə 31 il sonra İrlandiyada keçirilən "Eurovision" səhnəsində göründü. 1994-cü ildə 34 yaşlı Paul Harrinqton və 44 yaşlı Charlie McGettigan "Rock n Roll Kids" mahnısı ilə İrlandiyanı təmsil edirdilər. 1992-ci və 1993-cü illərdə qadın ifaçılarla təmsil olunub iki dəfə ardıcıl birinciliyə sahiblənən İrlandiya bəlkə də fərqli performans göstərmək üçün iki kişi ifaçıdan ibarət dueti müsabiqə səhnəsinə yolladı. Bu duet İrlandiyaya ardıcıl olaraq 3-cü, ümumilikdə isə 6-cı qələbəni gətirdi. 39-cu "Eurovision" mahnı müsabiqəsinin 2-ci qalib dueti hələ də 226 balla müsabiqə tarixində ən çox xal toplamış təmsilçi cütlük kimi xatırlanır. Qəribədir ki, onlardan Paul Harrinqton 1998-ci ildə Doun Martin (Dawn Martin) ilə bek-vokalçı qismində yenidən "Eurovision" səhnəsinə qayıtsa da, heç bir parlaq şou göstərə bilmədi.

III duet: 2001-ci ildə isə Estoniya təmsilçiləri müsabiqə meydanına daha maraqlı layihə ilə çıxdılar. 21 yaşlı Taner Padar və 50 yaşlı Deyv Benton cütlüyünün əvvəlki 2 duetdən fərqi o idi ki, onları bek vokalda 4 nəfərlik 2XL qrupu müşayiət edirdi. Onlardan Tanel Padar 2000-ci ildə sevgilisi İnesin bek vokalçısı kimi "Eurovision" səhnəsində görünmüşdü. Bu duetin də birinciliyi Estoniyaya müsabiqə tarixində ilk qələbəsini qazandırdı.

IV duet: Elə bu hadisədən 10 il sonra Azərbaycanın müsabiqədəki təmsilçisi Eldar və Nigar dueti ölkəmizə Avropanın ən nüfuzlu mahnı yarışmasında ilk qalibiyyət sevincini qazandırdı. Onların performansı və səhnə mədəniyyəti milyonlarla Avropa izləyicisinin qəlbini oxşadı. Müsabiqədən sonra ayrı-ayrılıqda karyeralarını davam etdirən cütlük yarışma tarixinə 4-cü qalib duet kimi həkk olundu.

Xəbər lenti

Xəbər lenti