...

"Açıq cəmiyyət və mətbuat" kitabının təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 12 İyul 2012 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, Təfəkkür Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifovun "Açıq cəmiyyət və mətbuat" kitabının təqdimatı keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, kitabda başlıca olaraq açıq cəmiyyət anlayışının mahiyyəti, onun yaranma tarixi, bir formasiya olmaq etibarilə formalaşması və mətbuatın müasir mərhələdə bu prosesə fəal təsirindən bəhs edilir.

Hazırkı dövrdə məhz jurnalistika sahəsindəki nümunələrin azlığından danışan Amaşov nəşri dəyərli elmi vəsait kimi də xarakterizə edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli çıxışında, əsasən, müəllifin fərdi keyfiyyətləri üzərində dayanaraq bunun yaradıcılıqla çulğalaşmasının gözəl sənət nümunəsinin formalaşmasına səbəb olduğunu vurğulayıb.

Cəmiyyətin özünü ifadə etmək imkanlarının çoxalacağı təqdirdə belə kitabların daha çox ərsəyə gələcəyini vurğulayan BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev nəşri təkcə mətbuat deyil, ümumilikdə ictimai-siyasi fikir, mədəniyyət tarixi barədə ortaya qoyulmuş peşəkarlıq nümunəsi kimi dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Milli Mətbuat Günü ərəfəsində belə bir nəşrin işıq üzü görməsini jurnalistikamız üçün böyük bayram hədiyyəsi adlandırıb. O, müəllifin "Açıq cəmiyyət və mətbuat" kitabı ilə bütövlükdə Azərbaycan jurnalistikasının inkişafı ilə bağlı fundamental baxış ortaya qoyduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər iştirakçılar təqdimatı keçirilən nəşrdə Azərbaycan cəmiyyətinin totalitar rejimdən milli dövlətçilik quruculuğuna keçid dövründə medianın demokratiya və söz azadlığı, plüralizm və şəffaflıq, azadfikirlilik və insan haqlarının müdafiəsi sahəsində nəhəng fəaliyyət prinsiplərinin, təbliğatçılıq və təşviqatçılıq funksiyasının konkret fakt və misallar əsasında xronoloji araşdırılmasını müəllifin zəhmətsevərliyinin, peşəsinə hədsiz bağlılığının məhsulu kimi dəyərləndiriblər.

Sonda çıxış edən "Açıq cəmiyyət və mətbuat" kitabının müəllifi Tofiq Yusifov toplantı iştirakçılarına, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti