Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/
Almaniyanın Frankfurt şəhərində yerləşən İohann Volfqanq Hötenin ev-muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb.
Trend-in məlumatına görə, guşə Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində açılıb.
Sözügedən layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın zamanlarda digər yazıçı və şairlərin ev-muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə "Azərbaycan guşələri"nin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy, Mixail Prişvin və s. yazıçılar, şairlər daxildir.
Layihənin məqsədi ev-muzeylərində "Azərbaycan guşəsi" yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.