Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgi yarmarkada 400-dən çox rus, 30-dan çox xarici dövlətin nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatları iştirak edirlər. 1987-ci ildən etibarən hər il keçirilən və dünyanın ən nüfuzlu sərgilərindən biri olan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 5 gün ərzində 500-dən artıq tədbir, məhşur şair, yazıçı, kitab sahəsinin mütəxəssisləri ilə görüşlərin keçirilməsi planlaşdırılıb.
Nüfuzlu sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və iştirakı ilə milli nəşrlərimiz - 350-yə yaxın adda kitab nümayiş etdirilir. Nümayiş olunan kitablar əsasən Azərbaycanın dövlətçiliyinə, kitab sənətinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağ probleminə həsr olunub. Sərgi günləri ərzində ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən broşür və bukletlər paylanılacaq.
Açılış günündə milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib, milli nəşrlərlə yaxından tanış olublar.
Qeyd edək ki, sərgidə qonaq ölkə İrandır və zəngin proqramla təmsil olunur.