Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elmir Murad/
Oktyabrın 3-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və British Council Azərbaycanın dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Qlobus" teatrının "Hamlet" tamaşası nümayiş olunacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxıb.
Bu, teatr sərgüzəşti "Hamlet" tamaşasını iki il müddətində dünyanın bir çox ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.
Şekspir "Qlobus" teatrının bədii rəhbəri və Hamlet tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, "Globe to Globe Hamlet" layihəsi "Hamlet" tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunmaq məqsədi ilə yaradılıb.
Turnenin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəsi əyləndirə və hər kəslə danışa bilər, heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hazırda tamamlanıb və "Hamlet" tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla, artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı kütləsi üçün nümayiş olunub.
Tamaşa ingilis dilində və azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq.