...

Şair və yazıçıların nəzərinə!

Mədəniyyət Materials 2 Oktyabr 2015 18:39 (UTC +04:00)
Əsərlərin qəbul müddəti bu il oktyabrın 2-dən dekabrın 23-nə qədər müəyyən edilib.
Şair və yazıçıların nəzərinə!

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin üzə çıxarılması, Azərbaycan, həmçinin tərcümə edilərək dünya oxucusuna çatdırılması, istedadlı gənclərin yaradıcı potensialının dəyərləndirilməsi, dilimizin, söz sənətimizin zəngin, əvəzolunmaz məziyyətlərinin müəyyən edilməsi və gələcək nəsillərə ötürülməsi, gənc yazarlara diqqət və qayğının artırılması məqsədilə "Yeni Söz" adlı ədəbi yaradıcılıq mükafatı təsis edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Əsərlərin qəbul müddəti bu il oktyabrın 2-dən dekabrın 23-nə qədər müəyyən edilib. Qaliblərin adı 2016-cı il mayın 25-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

Müsabiqəyə poeziya, nəsr və esse nominasiyaları üzrə əsərlər qəbul edilir. Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:

Poeziya:
poema - hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 poema ilə müsabiqəyə qatıla bilər
şeirlər - 3 şeirdən artıq olmamaq şərti ilə

Nəsr:
roman - hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 romanla müsabiqəyə qatıla bilər
hekayələr - 40 000 işarəyə qədər

Esse:
esselər - 20 000 işarəyə qədər

Hər nominasiya üzrə mükafat yalnız bir müəllifə təqdim edilə bilər. Hər bir iştirakçı mükafata yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər. Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir.

Müsabiqəyə təqdim edilmək üçün zəruri olan sənədlər:

a) müsabiqə iştirakçısının adı, soyadı, ədəbi təxəllüsü və özü haqqında qısa məlumat;
b) şəxsiyyət vəsiqəsinin surəti və ya skan olunmuş variantı;
c) iştirakçının əlaqə nömrəsi və elektron ünvanı.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan mətnin əvvəlində iştirak etdiyi nominasiyanın adı mütləq qeyd olunmalıdır. Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlərin müsabiqədə iştirakı təmin olunmur.

Əsərlər [email protected] elektron ünvanına göndərilə və ya kağız formatında Tərcümə Mərkəzinin mətbuat xidmətinə təqdim edilə bilər.

Mükafat fondu:

Ən yaxşı poeziya nümunəsi nominasiyası üzrə:
I yer - 2000 manat (iki min manat)
II yer - 1000 manat (min manat)
III yer - 500 manat (beş yüz manat)

Ən yaxşı nərs əsəri nominasiyası üzrə:
I yer - 2000 manat (iki min manat)
II yer - 1000 manat (min manat)
III yer - 500 manat (beş yüz manat)

Ən yaxşı esse nominasiyası üzrə:
I yer - 2000 manat (iki min manat)
II yer - 1000 manat (min manat)
III yer - 500 manat (beş yüz manat)

Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə - 20-liyə keçən əsərlər Mükafat Komissiyasına təqdim edilir.

Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir. Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları gizli saxlanılır.

Mükafat diplom və pul təltifindən ibarətdir. Seçilən əsərlər xarici dillərə çevriləcək və beynəlxalq müstəvidə təbliğatı üzrə müəyyən işlər həyata keçiriləcək.

Ünvan: Ə.Topçubaşov 74
Email: [email protected]
Telefon: (+994 12) 595-10-69

Məqalədə:
Xəbər lenti

Xəbər lenti