...

Bakıda "Xocalıda qırmızı mələk" tamaşasının premyerası olub (FOTO)

Mədəniyyət Materials 22 Fevral 2016 21:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan “Xocalıda qırmızı mələk” tamaşasının italyan aktyorların ifasında premyerası olub.
Bakıda "Xocalıda qırmızı mələk" tamaşasının premyerası olub (FOTO)

Bakı. Trend:

Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan "Xocalıda qırmızı mələk" tamaşasının italyan aktyorların ifasında premyerası olub.

Şuradan Trend-ə verilən məlumata görə, tamaşadan öncə Xocalı faciəsində həlak olan günahsız insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov giriş nitqi söyləyib. Xocalı faciəsi haqqında məlumat verən F.Qurbanov çıxışında bildirib ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd olunur, müxtəlif aksiyalar, tədbirlər keçirilir: "Soyqırımla bağlı acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı və rəhbəri olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyasının böyük rolu və xidmətləri var. Məhz bu kampaniya çərçivəsində sistemli şəkildə aparılan işin nəticəsi olaraq Amerika, Avropa, Asiya və Afrika qitələrinin bir çox ölkələri, o cümlədən bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb və ya bu istiqamətdə müxtəlif səpkili sənədlər qəbul ediblər".

F.Qurbanov məlumat verib ki, ötən ilin fevral ayında "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın "Associazione Arci Bellezza" təşkilatı tərəfindən "Xocalıda qırmızı mələk" adlı tamaşa hazırlanıb və italyan aktyorların ifasında Milan şəhərində təqdimatı keçirilib. Bu il Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Şura həmin tamaşanı Milanda səhnələşdirən truppanı Bakıya dəvət edib. Bu gün tamaşa Bakı sakinlərinə təqdim ediləcək.

Sonra dövlət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycanda olan səfirliklərinin nümayəndələri, media və QHT təmsilçiləri tamaşanı izləyiblər.

Sonda "Xocalıda qırmızı mələk" tamaşasının hazırlanmasında göstərdiyi yüksək aktyor peşəkarlığına görə Konstanta Buhneviçi, Alise Beatrise Karrino, Lunella Çerçi, Françesco Paçelli, Reza Dehqani Rostam və Kristina Monika Mannella, o cümlədən rejissor Nihad İsaya Şuranın təşəkkürnaməsi verilib. Təşəkkürnamələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo və "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı təqdim ediblər.

Qeyd edək ki, "Xocalıda qırmızı mələk" tamaşası "APA Holdinq"ə daxil olan Lent.az saytında yayımlanmış reportajlar əsasında çapdan çıxmış "Cəhənnəmdə böyük çığırtı" kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.

Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir. "Qırmızı mələk" deyilərkən azərbaycanlı əsirlərin "Qoruyucu mələyi" adı almış, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində çalışmış isveçrəli Pyer Reyçel nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti