...

Daşkənddə Ü.Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub (FOTO)

Mədəniyyət Materials 12 Mart 2016 16:22 (UTC +04:00)
Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub.
Daşkənddə Ü.Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulub, tərtibat işləri aparılıb. Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilib.

Əvvəlcə Mərkəzin rəsmi açılışı olub, daha sonra giriş sözü ilə çıxış edən Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov yüksək səviyyədə qurulmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd edib.

O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq Mərkəzin xidmətlərindən gələcəkdə Özbəkistan Dövlət Konservatoriyasında təhsil alan tələbələr və mütəxəssislərin də faydalana biləcəyini bildirib və layihənin reallaşdırılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırıb və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacağını qeyd edib. O, Mərkəzdə həmçinin Özbəkistanın "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçiriləcəyini vurğulayıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan musiqisinə, bəstəkarlarının əsərlərinə Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışıb və məhz Azərbaycanda Şərqdə ilk operanın əsasının qoyulduğunu qeyd edib.

Daha sonra Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dahi Üzeyir Hacıbəyovun əsərlərindən ifa edib, orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa edib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinə Özbəkistanın xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edəcək. F.Abduraximovanın rəhbərliyi Özbəkistanın Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dəfələrlə Özbəkistan səhnələrində Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ifa edib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində möhtəşəm konsert-rekviyem proqramlarında Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti