...

Azərbaycan xalçaları Bolqarıstanda (FOTO)

Mədəniyyət Materials 19 Sentyabr 2016 21:00 (UTC +04:00)
Azərbaycan Bolqarıstanın Sofiya şəhərində “Xalçaların yolu” adlı festivalda iştirak edib.
Azərbaycan xalçaları Bolqarıstanda (FOTO)

Bakı. Trend:

Azərbaycan Bolqarıstanın Sofiya şəhərində “Xalçaların yolu” adlı festivalda iştirak edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, festival Sofiya Şəhər İcra Hakimiyyəti və “Trakiyalıların yolu” Fondu tərəfindən təşkil edilib.

Tədbirdə Bolqarıstanın Elmlər Akademiyasının Etnoqrafiya və Folklor araşdırmaları İnstitutu və Etnoqrafiya muzeyinin direktoru Petko Xristov, Bolqarıstanın müxtəlif dövlət qurumlarının, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin, KİV və QHT-lərin nümayəndələri iştirak ediblər.

Festivalda Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Müqəddəs K.Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi iştirak edərək Bakı və Quba xalçaçılıq məktəblərinin nümunələrini nümayiş etdirib.

Tədbirdə çıxış edən Petko Xristov festivalın tamaşaçılar tərəfindən maraqla qarşılandığını qeyd edib. O, bu kimi tədbirlərin xalqların bir-birlərinin mədəniyyətini tanıması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Festivalın təşkilatçılarından olan “Trakiyalıların yolu” Fondunun sədri Diana Kasmetska bu kimi tədbirlərin müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirdiyini, mədəni mübadilə üçün şərait yaratdığını deyib. O, festivalda Azərbaycan, İran, Macarıstan, Serbiya, Meksika, Bolqarıstan xalçalarının nümayiş olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin əməkdaşı Vüsalə Sadıqova Azərbaycanda qədim xalçaçılıq ənənələrinin mövcud olduğunu, coğrafi mövqeyi, dizaynı, kompozisiyası və rəng seçiminə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin olduğunu söyləyib. Əsrlər boyu xalçaçılıq sənətinin Azərbaycan mədəniyyətinin və təsviri incəsənətinin əhəmiyyətli elementi olduğunu qeyd edib. Xalçaların məişətdə bəzək əşyası kimi istifadə edildiyini, xalçaların müxtəlif məqsədlərlə - müalicəvi, toy mərasimləri, ibadət və s. üçün toxunduğunu əlavə edib.
Azərbaycanın xalçaçılıq sənətinin dünya mədəniyyətini zənginləşdirdiyini, Azərbaycan xalçalarının keyfiyyətinə və yüksək bədii dəyərinə görə dünyada məşhur olduğunu, bir çox xalçaların dünyanın tanınmış muzeylərində sərgiləndiyini söyləyib. Diplomat 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb. Dünyada ilk ixtisaslaşmış xalça muzeyinin 1967-ci ildə Azərbaycanda yaradıldığını, 2014-cü ildən muzeyin yeni müasir – bükülmüş xalça formasında binasının olduğunu qeyd edib.

Sonra tədbir iştirakçıları Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri ilə tanış olublar. Azərbaycan xalçaları iştirakçılarda böyük maraq doğurub. Festivalda Bolqarıstan milli musiqisindən ibarət qısa konsert təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti