Bakı. Trend:
Bolqarıstanın Ruse şəhərində Qara Qarayevin 100 illik yubileyi qeyd olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Prezidentin “Qara Qarayevin 100 illik yubileyi haqqında” Sərəncamından irəli gələrək Bolqarıstanın Dunay çayı üzərində ən böyük şəhəri, ölkədə isə 5-ci böyük şəhər olan Ruse şəhərində Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması çərçivəsində səfirlik, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən foto-sərgi keçirilib.
Gecədə Ruse şəhər icra hakimiyyətinin rəsmi şəxsləri, şəhərin digər dövlət və özəl qurumlarının nümayəndələri, aparıcı QHT və KİV nümayəndələri və yerli incəsənət xadimləri, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, Ruse şəhərinin merinin “Humanitar fəaliyyət” üzrə müavini İvan Qriqorov, Ruse İncəsənət Qalereyasının direktoru Yelena Velikova iştirak ediblər.
Ruse şəhərinin meri Plamen Stoilov tərəfindən təbrik məktubu ünvanlanıb. Məktubda Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərginin təşkilinə görə təşəkkür ifadə olunur və sərginin mədəni dəyər və ənənələrin qorunmasına töhfə verən bu görkəmli bəstəkarı yad etmək üçün mükəmməl təşəbbüs olduğu bildirilir.
“Mart musiqi günləri” beynəlxalq festivalı Bolqarıstanın ən qədim və nüfuzlu festivallarından hesab olunur. 1961-ci ildə əsası qoyulan və Ruse Bələdiyyəsi tərəfindən təşkil olunan festival şəhəri əsl musiqi paytaxtına, Avropa və dünyanın yüksək səviyyəli musiqiçilərinin görüş yerinə çevirir.
Gecənin açılışında çıxış edən səfir N.Qurbanova cari ildə Azərbaycanda bir sıra yubileylərin qeyd olunduğunu, belə ki, cari ildə Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunduğunu və onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu söyləmişdir. AXC-nin yaranması və fəaliyyəti barədə qonaqlara qısa məlumat verən səfir 100 bundan öncə qadınlara səsvermə hüququ verən AXC-in müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını əlavə etmişdir.
Səfir N.Qurbanova cari ilin həmçinin Azərbaycan milli operasının 110 illik yubileyi ilə əlamətdar olduğu, müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun” operasının əsasının Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən qoyulduğu, yeni özünəməxsus janr – muğam-opera janrında olan bu əsərin Şərq və Avropa musiqisini özündə ehtiva etdiyi barədə qonaqlara məlumat vermişdir.
N.Qurbanova ölkəmizin yalnız ilk operanın deyil, eyni zamanda müsəlman dünyasında ilk operetta və baletin beşiyi olduğunu vurğulamışdır. Azərbaycan musiqi və musiqiçilərinin dünya musiqi irsini özünəməxsus nümunələrlə zənginləşdirdiyini qeyd edən səfir cari ildə 100 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin belə musiqiçilərdən olduğunu əlavə etmişdir. O, davam etmişdir ki, həyatı boyunca opera, balet, simfonik və orkestr musiqisi, kantata, uşaqlar və filmlər üçün musiqilər də daxil olmaqla 110 musiqi əsəri yaradan Q.Qarayev yüksək fərdi üsluba malik bəstəkar olub Azərbaycan musiqisinin harmoniya və melodik xüsusiyyətləri ilə zəngin olan əsərlərin müəllifidir. Dahi bəstəkarın özünün də qeyd etdiyi kimi, onda həm Qərb, həm də Şərqin birgə yaşadığını vurğulayan səfir onun əsərlərinin bu fikri təsdiq etdiyini qeyd etmişdir. Q.Qarayevin əsərləri və musiqisi məhəbbət və mübarizə, xoşbəxtlik və kədər, komediya və faciə, xəyal və gerçəkliyi tərənnüm edərək insan duyğularının geniş spektrinə toxunur. Səfir dahi bəstəkarın 1961-ci il iyun ayında Sovet İttifaqı tərəfindən Birinci Beynəlxalq Los Anceles Musiqi Festivalına göndərilən iki bəstəkardan biri olduğunu, onun “İldırımlı yollarla” baletinin festival çərçivəsində ifa olunduğunu xüsusilə vurğulamışdır. N.Qurbanova həmçinin görkəmli bəstəkarın Azərbaycan musiqi barədə “Azərbaycan musiqisi mənim doğma dilimdir. Bəstəkar olaraq mən Azərbaycan xalq musiqisi ilə böyümüşəm və onun təsirindən azad olmaq fikrində deyiləm” fikirlərini xatırlamışdır.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova Q.Qarayevin zəngin yaradıcılığı barədə sərgi iştirakçılarına ətraflı məlumat vermiş, onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Vətən” operası, “Leyli və Məcnun” simfonik poeması və digər əsərlərinin təkcə Azərbaycan musiqisini deyil, həmçinin dünya musiqisini zənginləşdirdiyini söyləmişdir. Təsadüfi deyil ki, YUNESKO Baş Konfransının 39-cu sessiyasında il ərzində dahi bəstəkarın 100 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Sərgidə bəstəkarın həyat və yaradıcılığından bəhs edən materialların nümayiş olunduğunu bildirən A.Bayramova bu materialların əsasən bəstəkarın ailə üzvləri, xüsusilə onun oğlu, bəstəkar Fərəc Qarayev tərəfindən Muzeyə təqdim olunduğunu əlavə etmişdir. Sonda direktor bu sərginin bolqar musiqi sevərlərə Qara Qarayevi yaxından tanımağa, onun vasitəsilə Azərbaycan musiqi mədəniyyətini öyrənməyə və beləliklə ölkələrimiz arasında mədəni əlaqələrin inkişafını təşviq etməyə imkan yaradacağına inamını ifadə etmişdir.
Ruse şəhərinin merinin “Humanitar fəaliyyət” üzrə müavini İvan Qriqorov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir. Sərgidə iştirak etmək məqsədilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru A.Bayramovanın Bolqarıstana səfərini yüksək qiymətləndirmış və bu cür səfərlərin mədəni sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirmışdir.
Sərgi çərçivəsində həmçinin bəstəkar barədə sənədli film nümayiş olunmuş və onun əsərlərindən ibarət seçmələr səsləndirilmişdir.
Tədbir Bolqarıstanın mətbuatında işıqlandırılmışdır.