...

Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib

Mədəniyyət Materials 12 May 2018 14:45 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.
Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib

Bakı. Ləman Zeynalova - Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.

Trend-in məlumatına görə, tədbir Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mayın 11-də baş tutan tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin ŞƏT-də təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib. R.Əlimov bu gün qəlbləri oxşayan musiqi, alovlu rəqs, lirik poeziya vasitəsilə əfsanələr yurdu, zəngin və bərəkətli Azərbaycanın qədim, rəngarəng və fərqli mədəniyyəti ilə tanış olmaq imkanı yarandığını deyib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ölkəmizin öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.

Tədbirin əsas hadisədi səhnə incəsənət ustalarının çıxışları olub.“Mirvari” rəqs ansamblının ifasında rəqslərimiz təqdim olunub. Solist Ülkər Əliyeva, Tarzən Şərhiyar İmanov və onun qrupunun ifasında mahnı və etno-caz kompozisiyaları tamaşaçıların marağına səbəb olub. Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova muğam dəsgahlarını ifa ediblər.

Tədbir çərçivəsində təşkilatın binasında “Azərbaycan mirvarisi” adlı sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz, gənc rəssam Fidan Kimin Azərbaycan və Çin ornamentlərini özündə əks etdirən əsərləri nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları xalqımızın xalça toxuma və şəbəkə sənəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, o cümlədən musiqisinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, mətbəxinə aid müxtəlif nəşrləri paylanılıb.

Azərbaycan mədəniyyət günü milli mətbəximizin təamları olan dolma, kabab, plov, kükü, paxlava, şəkərburanın təqdim olunduğu ziyafətlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti