...

“Avanqard” Kamera Orkestrinin “CinemaHit” multimedia şousu təqdim etdi (FOTO/VİDEO)

Mədəniyyət Materials 15 Fevral 2022 20:14 (UTC +04:00)
“Avanqard” Kamera Orkestrinin “CinemaHit” multimedia şousu təqdim etdi (FOTO/VİDEO)

Bakı. Trend:

İncəsənətin müxtəlif sahələri üzrə yaradıcı insanları əməkdaşlığa dəvət edən “ART – EAST MEDİA GROUP” şirkətinin yeni layihəsi – “Avanqard” Kamera Orkestrinin “CinemaHit” multimedia şousu Azərbaycanın mədəni həyatında hadisədir. İdeyanın özəlliyi – məşhur bəstəkarların kinofilmlərdə qorunan dahiyanə əsərləri yenidən canlandırmaqdır. Məlumdur ki, kino üçün bəstələnmiş musiqilərin əksəriyyəti yalnız köhnə lentlərdə qalıb, uzun illər ifa edilməyib. Bu mənada “Avanqard” Kamera Orkestrinin təşəbbüsü musiqi mədəniyyətinə və milli kino sənətinə böyük töhfədir. Layihə orijinal performans kimi düşünülüb. Konsert proqramında sevimli kinofilmlərdən ən maraqlı epizodlar görünür, səhnədə saundtreklərin canlı ifası, məxsusi quruluş verilmiş xoreoqrafik kompozisiyalar, işıq effektləri, teatral tüstü, atəşfəşanlıq – görüntünün, səsin bir-birini ideal tamamlaması – tamaşaçının diqqətini səhnədən bir an belə yayınmağa qoymur.

“CinemaHit” multimedia şousunun proqramı müxtəlif yaş qruplarının və ən müxtəlif zövqlərin nəzərə alınması ilə tərtib edilib. Belə ki, “CinemaHit” multimedia şousunda milli kinonun “qızıl fondundan” nümunələr, məşhur Hollivud brendləri, uşaqların sevimli cizgi filmləri növbələşərək əks olunur.

Layihə “Azərbaycanfilm” Kinostudiyasının, CinemaPlus kinoteatrlar şəbəkəsinin dəstəyi ilə Bakının mərkəzindəki müasir tamaşa salonlarından birində DTX-nın Mədəniyyət Mərkəzində keçirildi. Konserti “Art-East Media Group” şirkətinin rəhbəri Mirələskər Aslanov açaraq “Avanqard” Kamera orkestrinin Bədii rəhbəri və dirijoru Arif Aslanovu səhnəyə dəvət etdi. Sonra “Avanqard” Kamera orkestrinin ifasında ən sevilən kinofilmlərin saundtrekləri yeni aranjimanda ilk dəfə olaraq tamaşaçılara təqdim edildi.

Məşhur filmlərin unudulmaz musiqiləri, parlaq rəqs nömrələri, xoreoqrafik kompozisiyalarla və cizgi filmlərindən tanış fraqmentlərlə canlandı. İki saata yaxın davam edən konsert proqramı tamaşaçıların alqışları ilə sona çatdı.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti