...

"Nobel" üçün Azərbaycandan neçə müraciət olub? - AMEA prezidenti açıqladı

Mədəniyyət Materials 25 İyul 2023 15:44 (UTC +04:00)
"Nobel" üçün Azərbaycandan neçə müraciət olub? - AMEA prezidenti açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Akademiya cəmiyyətinə Nobel mükafatının hərtərəfli tanıdılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi, eləcə də Azərbaycandan da gələcəkdə Nobel mükafatına namizədlərin təşviq edilməsi, bu yöndə mövcud miflərin və süni baryerlərin sındırılmasına, psixoloji eyforiyanın aradan qaldırılmasına kömək etməkdən ibarətdir.

Azərbaycan Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə “AMEA nəzdində Nobel İnformasiya Mərkəzi”nin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli tarix elmləri doktoru Bəybala Ələsgərovun uzun illər həmin mərkəzə rəhbərlik etdiyini, sonralar Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığını, həmin mərkəzin vitse-prezidenti seçildiyini söyləyib. Bildirib ki, Bəybala Ələsgərovun təcrübəsindən yararlanmaq Akademiyanın Nobel mükafatı üzrə hədəflərinə çatmasında mühüm rol oynaya bilər. Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin sözügedən qərarının arxivdən tapılaraq ondan irəli gələn məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

İlk Nobel mükafatının 1901-ci ildə təqdim edildiyini diqqətə çatdıran AMEA prezidenti ötən 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landaunun layiq görüldüyünü, həmçinin Cənubi Azərbaycandan Şirin Ebadinin Nobel mükafatı aldığını, həmçinin Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olduğunu qeyd edib. Həmçinin dünya şöhrətli görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin və məşhur cərrah akademik Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatlar vardır. Bundan başqa, nəzərə çatdırılıb ki, Nobel mükafatlarının təsis edilməsindən keçən 122 il ərzində Azərbaycandan həmin mükafatı almaq üçün hələlik 2-3 rəsmi müraciətin olması məlumdur.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, beynəlxalq konfransda Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli türkiyəli alim Əziz Səncər və banqladeşli Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun şəxsən və ya onlayn formatda iştirak etmələri üçün iş aparılır. Müxtəlif illərdə ayrı-ayrı ixtisaslar üzrə Nobel mükafatçılarının Akademiyada keçirilən tədbirlərdə iştirak etdiklərini, öz təcrübələrini bölüşdüklərini söyləyən AMEA rəhbəri onların beynəlxalq konfransa qoşulmalarının ölkəmizin nailiyyətlərinin dünyada təbliğinə mühüm töhfə olacağını, eləcə də Azərbaycandan gələcək Nobel mükafatına iddia edənlərin təşviq edilməsinə stimul verəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti