Bakı. Trend:
23-26 sentyabr 2024-cü il tarixlərində Qazaxıstanın paytaxtı
Astanada təşkil olunan Azərbaycan Mədəniyyət Günləri çərçivəsində
Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Türk
Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində nəşr olunan
“Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530”
mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Trend TurkicWorld-ə istinadən xəbər verir ki, Azərbaycanın
böyük şairi, Türk ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 22
qəzəli və 6 qəsidəsindən - 530 beytdən ibarət kitab bu il ustadın
530 illik yubileyinə həsr olunub. Fond tərəfindən kitabın
yayımlanmasında məqsəd böyük şairin irsinin Qazaxıstanda daha artıq
təbliği, eləcə də Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin
dərinləşməsinə töhfə verməkdir. Layihənin rəhbəri və müəllifi Türk
Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı
Raimkulovadır.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya
Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər
qonaqlar iştirak ediblər.
Kitabın təqdimat mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, cari ilin 25
yanvarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə
bağlı imzaladığı tarixi Sərəncamı Füzuli irsinin tədqiqi və təbliği
yönündə yeni imkanlar yaradır.
Aktotı Raimkulova bu tipli nəşrlərin türk dillərinin inteqrasiyası
baxımından əhəmiyyət daşıdığını vurğulayaraq, qeyd edib:
“Biz klassiklərimizin əsərlərinə, onların ruhuna, dönə-dönə
qayıtmalı və milli kimliyimizi qarşılıqlı olaraq əxz
etməliyik”.
Tədbirin bədii hissəsində Azərbaycanlı qiraətçi, aktyor Hüseynağa
Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra
qəzəlləri səsləndirilib. Azərbaycanlı xanəndələr – respublika və
beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova
Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları
Kazibek İskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin
qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub.
Qiraətçiləri Azərbaycanın Əməkdar artisti Toğrul Əsədullayev
(kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim
Babayev (tar) müşayiət ediblər.