...

Musiqi vasitəsilə mədəniyyətlərin kəsişməsi - Azərbaycan musiqiçisinin Almaniyada keçdiyi yol

Mədəniyyət Materials 25 Mart 2025 15:06 (UTC +04:00)
Musiqi vasitəsilə mədəniyyətlərin kəsişməsi - Azərbaycan musiqiçisinin Almaniyada keçdiyi yol

Anar Bramo (İbrahimov) 1981-ci ildə Bakıda anadan olub. 2002-ci ildə, 185 il əvvəl Pqanininin vəfatından sonra, dünyada onun „Sivori“ skripkasında çalmaq şərəfinə layiq görülən 14 skripkaçının biri olub. 2003–2007-ci illərdə Gidon Kremerin şəxsi dəvəti ilə məşhur „Kremerata Baltica“ kamera orkestrinin üzvü olub. 2010-cu ildən Almaniyanın „Südwestfalen Philharmonie“ simfonik orkestrinin üzvüdür. 2023-cü ildə Buxarestdə keçirilən „BMI Conducting Competition“ beynəlxalq dirijorluq müsabiqəsinin finalçısı və mükafatçısı olub. 2024-cü ildə Portuqaliyada keçirilən beynəlxalq dirijorluq müsabiqəsində birinci mükafata layiq görülüb. 2024-cü ildən "Oberberg" regionunun simfonik orkestrinin (Sinfonieorchester des Oberbergischen Kreises) yeni baş dirijoru seçilib.

Trend BİA Almaniyada yaşayan tanınmış drijor, skripkaçı, bəstəkar, beynəlxalq müsabiqələrin qalibi olan Anar Bramo ilə müsahibəni təqdim edir.

Musiqi dünyasına gəlişiniz necə olub?

Düşünürəm ki, mənim musiqiçi olmağım taleyimdə yazılmışdı. Atam skripkaçıdır və 22 yaşından etibarən böyük Niyazinin rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində çalışıb. Anam arfadır, sonuncu Zaqafqaziya müsabiqəsinin birinci mükafatçısı olub. Dayım məşhur violonçel ifaçısı və xalq artistidir, o, dahi Mstislav Rostropoviçin tələbəsi olub.

Musiqi ilə əhatələnmiş mühitdə böyüdüyüm üçün erkən yaşda – beş yaşımda skripka çalmağa başladım və yeddi yaşımda Filarmoniyanın səhnəsində ilk çıxışımı etdim. 17 yaşımda Bakı Musiqi Akademiyasına daxil oldum və birinci kursda oxuyarkən Dövlət Simfonik Orkestri ilə Bramsın skripka konsertini ifa etmək şərəfinə nail oldum.

Sizi Almaniyaya məhz musiqi, daha dəqiq skripka gətirib. Azərbaycandan Almaniyaya uzanan yol haqda bizi məlumatlandırardınız.

Məni Almaniyaya gətirən iki mühüm hadisə 2002-ci ildə baş verdi. Birincisi, Bakı Musiqi Akademiyasını uğurla bitirdim. İkincisi, Çaykovski müsabiqəsinə seçildim və bu mötəbər yarışda iştirak edən ilk azərbaycanlı skripkaçı oldum.

Təcrübəm az olduğu üçün qalib gəlmək mümkün olmasa da, uğurlu çıxışım və potensialım münsiflər heyətinin diqqətini çəkdi. Onlardan bəziləri mənə Moskva və ya ABŞ-da təhsil almağı tövsiyə etdi. Eyni zamanda, bir çox hörmətli musiqiçilər mənə dünyanın ən yaxşı müəllimlərinin çalışdığı Almaniya konservatoriyalarına müraciət etməyi məsləhət gördü.

Müsabiqədən sonra başa düşdüm ki, təhsilimi davam etdirməli və daha da inkişaf etməliyəm. Valideynlərimlə məsləhətləşərək Almaniyada oxumağa qərar verdik, çünki bu ölkə dünyanın ən yaxşı konservatoriyalarına və orkestr ənənələrinə sahibdir. 2002-ci ilin sonunda Essen İncəsənət Universitetinə qəbul imtahanlarını uğurla verdim və beləcə Almaniyadakı uzun yolum başladı.

Alman musiqi məktəbi sizə nə verdi?

Heç kimə sirr deyil ki, Almaniya mədəni həyat baxımından olduqca zəngin bir ölkədir. Burada dünyanın ən yaxşı musiqiçiləri çıxış edir, ən tanınmış pedaqoqlar dərs deyir və ən güclü orkestr ənənələri mövcuddur. Bütün bunlar musiqi istedadının inkişafı üçün ideal şərait yaradır.

Bu imkanlardan tam şəkildə istifadə edərək təkcə bir deyil, üç ali məktəb bitirdim – ikisini Almaniyada, Essen və Köln şəhərlərində, üçüncüsünü isə Avstriyanın Qrats şəhərində. Hər üç ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vurdum.

Almaniyada sizə ən çox kimlər dəstək olurdu?

Almaniyaya səfərim yalnız valideynlərimin mənə göstərdiyi maddi və mənəvi dəstək sayəsində mümkün oldu. Onlar heç vaxt varlı olmasalar da, uzun müddət öz zəhmətləri ilə qazandıqları pulları mənə göndərirdilər ki, mən yad ölkədə rahat şəkildə alışa bilim, dil öyrənim və iş tapa bilim.

Ümumiyyətlə, həyatımda əldə etdiyim bütün uğurlarım üçün valideynlərimə borcluyam. Onlar məni bu cür tərbiyə edib, mənə və bacıma xoşbəxt uşaqlıq bəxş ediblər, yaxşı təhsil veriblər və bu gün də bizə dəstək olmağa davam edirlər.

Almaniyaya tək gəlmişdim, valideynlərim yanımda deyildi. Lakin burada tamamilə tək deyildim, çünki yaxın dostum və təsadüf nəticəsində soyad yoldaşım olan Fuad İbrahimov mənim yanımda idi. O, hazırda Dövlət Simfonik Orkestrinin baş dirijorudur.

Bizim dostluğumuz haqqında ayrıca bir kitab yazmaq olar, amma bu başqa bir mövzudur, ona görə də indi bu barədə çox danışmayacağam. Sadəcə onu qeyd edim ki, Almaniyada biz daim bir-birimizi dəstəkləyirdik və dostluğumuz hər birimizə yad bir ölkədə çətin mərhələləri aşmağa kömək etdi.

Sizə Paqanininin skripkasında ifa etmək qismət olub. Bu şərəfə Azərbaycanda nail olmusunuz. Bu xatirənizi yenidən canlandıraraq danışmağınızı və ən əsası Almaniyada bu xəbərin necə qarşılandığını danışa bilərsinizmi?

Paqanininin "Sivori" skripkasında ifa etməyim həyatımın ən mühüm anlarından biri oldu. Bu hadisə mənim mərhum müəllimim Bayandur Mehdiyev (Bayandur Mehdiyev) və həmin dövrdə İtaliyanın Azərbaycandakı səfiri Marqareta Kosta (Margareta Kosta) sayəsində mümkün oldu. Konsert Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmişdi.

Skripka İtaliyanın Genuya şəhərinin muzeyindən Bakıya gətirilmişdi. Burada saxlanılan hər iki Paqanini skripkası („Il Cannone“ və „Sivori“) cəmi iki gün ərzində Bakıda oldu və mənim bu skripkada konsert ifa etməyim üçün gətirilmişdi. Təsəvvür edin, nə qədər həyəcanlanmışdım! Çünki son 160 il ərzində bu skripkada cəmi 13 nəfər ifa etmişdi və onların demək olar ki, hamısı italyan idi. Mən isə cəmi 22 yaşımda idim və bu vaxta qədər heç vaxt yüksək səviyyəli skripkalarda çalmamışdım. Üstəlik, bu, təkcə yüksək keyfiyyətli skripka deyil, tarixi baxımdan əvəzolunmaz bir alət idi.
ŞƏKİL

Skripkanı mənə birbaşa səhnəyə gətirdilər və konsertin əvvəlində təqdim etdilər. Konsertdən sonra isə səhnədə qaytardım. Tədbir Atəşgahda, od məbədində baş tutdu və bu, mənim üçün unudulmaz bir an oldu. Skripkanın səsi çox güclü və gözəl idi, ona toxunmaq və ifa etmək həqiqi zövq verirdi. Belə bir fürsət qazandığım üçün taleyə minnətdar idim və qürur hissi keçirirdim ki, artıq Paqanini skripkasının tarixinə azərbaycanlı bir skripkaçının da adı yazıldı.

Bəs dirijor vəzifəsinə təyinatınız (seçilməyiniz) necə baş verdi?

Dirijorluqla məşğul olmağa nisbətən gec, 2021-ci ildə başladım. Özümə söz verdim ki, əgər uğur qazana bilməsəm, bu işi davam etdirməyəcəyəm. Amma xoşbəxtlikdən, cəmi iki ildən sonra, 2023-cü ildə, Rumıniyanın Buxarest şəhərində beynəlxalq dirijorlar müsabiqəsində finala yüksəldim və münsiflər heyətinin xüsusi mükafatına layiq görüldüm. Bu isə mənə doğru yolda olduğumu sübut etdi.

Bir il sonra, 2024-cü ilin yayında, Portuqaliyanın Estoril şəhərində ikinci beynəlxalq dirijorluq müsabiqəmdə birinci yer qazandım. Bundan əlavə, müsabiqədən bir ay əvvəl Almaniyanın Oberberq regionunun Simfonik Orkestri (Sinfonieorchester des Oberbergischen Kreises) məni baş dirijor vəzifəsinə seçdi.

Bu orkestrin mənə baş dirijor vəzifəsini təklif etməsi mənim üçün böyük sevinc oldu. Bir il əvvəl bu orkestr ilə üç fərqli konsertdə çıxış etmişdim və konsertlər böyük uğurla keçmişdi. Düşünürəm ki, məhz bu uğurlar musiqiçiləri məni dirijor seçməyə inandırdı.

Bəstəkarlıq fəaliyyətinizə nə zamandan start vermisiniz?

2020-ci ildə “Ürəyim Şuşa” adlı mahnının musiqisini bəstələdim və tanınmış Azərbaycan şairəsi Leyla Bəgimdən ona söz yazmasını xahiş etdim. Bir il sonra, 2021-ci ildə, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Azərbaycan musiqisi konsertində bu mahnı Berlində, məşhur Filarmoniya səhnəsində səsləndi. Mahnını tanınmış azərbaycanlı müğənni Avəz Abdulla (Avez Abdulla) ifa etdi, dirijorluğunu isə Azərbaycanın xalq artisti, maestro Yalçın Adıgözəlov (Yalchin Adıgezalov) etdi. Konsertdən sonra çoxlu alman və digər Avropalı musiqisevərlərdən mahnı haqqında müsbət rəylər aldım ki, bu da mənim üçün çox xoş idi.

Hələlik özümü bəstəkar adlandırmaq üçün çox tezdir. Hazırda bəstəkarlıq dərsləri alıram və gələcəkdə yeni əsərlərimi təqdim etməyi planlaşdırıram. Əgər planlarım reallaşarsa və yeni əsərlərim meydana çıxarsa, o zaman ehtiyatla özümü bəstəkar adlandırmağa başlayaram.

Avropalı, daha dəqiq alman dinləyici sizin ifanızı necə qarşılayır? Ümumiyyətlə sıravi alman sizi daha çox skripkaçı, dirijor, yoxsa bəstəkar kimi tanıyır?

Hələ ki, məni Almaniyada və Azərbaycanda daha çox skripka ifaçısı kimi tanıyırlar. Ancaq dirijorlar müsabiqəsindəki qələbəmdən sonra getdikcə daha çox dirijorluq təklifləri alıram. Məsələn, 30 martda Almaniyada, 5 aprel isə Portuqaliyada çıxış edəcəyəm.

Almaniyada digər azərbaycanlı musiqiçilərlə iş birlikdəliyiniz olubmu?

Almaniyada bir neçə dəfə müxtəlif azərbaycanlı musiqiçilərlə birgə çıxış etmişəm. Onların bəzilərini qeyd etmək istərdim: Yalçın Adıgözəlov, Fuad İbrahimov, Mustafa Mehmandarov, Avəz Abdulla, Orxan Cəlilov, Tamila Quliyeva, Əbuzər Manafzadə və başqaları.

Almaniyaya köçəndən sonra hansı yeni maraq və hobbiləriniz yaranıb?

Uşaqlıqdan kino həvəskarıyam və boş vaxt tapanda yeni filmlərə baxmağa çalışıram. Bundan əlavə, stolüstü tennis, bilyard və basketbol oynamağı çox sevirəm. Həmçinin mətbəxdə vaxt keçirməyi, bişirməyi xoşlayıram. Şirniyyatı sevdiyim üçün müxtəlif tort və piroqları hazırlamağı bacarıram.

Amma hobbiyə ayıracaq çox vaxtım olmur. Çünki boş vaxtlarımı ən çox ailəmlə – həyat yoldaşım və beş yaşlı qızımla keçirməyi sevirəm.

Xəbər lenti

Xəbər lenti