...

Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək

Gündəm Materials 3 May 2018 17:49 (UTC +04:00)
Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək.
Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək

Bakı. Trend:

Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək.

Trend-in məlumatna görə, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında deyilir.

Plana əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinə 2018-2025-ci illərdə şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına şərab turizminin inkişaf etdirilməsi tapşırılıb.

Həmçinin Tədbirlər Planında 2018-2019-cu illərdə yerli və xarici texniki üzüm sortlarının artırılması üçün Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun yüksək məhsuldar tinglik təsərrüfatlarının bərpası nəzərdə tutulur.

Bundan başqa, 2018-2025-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və yerli icra hakimiyyəti orqanları şərabçılıq regionlarının mikrozonalara ayrılması və tanıdılması ilə, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi isə şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının yenilənməsi ilə məşğul olacaqlar.

Şərabçılıq sahəsində elmi və kadr potensialı da gücləndiriləcək. Belə ki, Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə 2018-2025-ci illərdə şərabçılıq sahəsində ali və orta ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi və Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasına isə 2018-2019-cu illərdə Mərkəzi Dequstasiya Komissiyasının fəaliyyətinin müasir təcrübəyə uyğun təşkili tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi şərab istehsalı potensialının artırılmasına dövlət dəstəyi çərçivəsində 2020-ci ilədək üzüm bağlarının hər hektarına görə gübrə və pestisid üçün ödənilən subsidiya həcmini qiymətləndirəcək. Həmçinin şərabçılıq sahəsinə yönəldilən güzəştli kreditlərin həcminin artırılması məsələsi də araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti