Bakı. İlham İsabalayeva - Trend:
Mayın 1-nə Azərbaycanda 5831 nəfər İİV-li xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693 nəfəri qadındır.
Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.
O bildirib ki, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV (İnsanın immun çatışmazlığı virusu) aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, 904 nəfər isə vəfat edib:
"2018-ci ilin son 4 ayı ərzində Azərbaycanda İİV-lə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfərdir. Onlardan 188 nəfəri Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfərdir. Həmin müddətdə İİV infeksiyasının 16 nəfəri ölüb".
E.Muradov bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parenteral kontakt, 89 nəfər heteroseksual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub:
"Qeydiyyatda olanlardan 42, 2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiyalı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faiz isə homoseksuallardan keçib. Azərbaycan İpək yolu üzərində yerləşdiyi üçün buradan narkotik trafiki keçir. Bir yol Cənubdan Şimala, ikinci yol Şərqdən Qərbə olan yoldur. Bu yollar olan inzibati ərazilərdə HİV-ə yoluxma daha çoxdur. Ən çox cənub zonası - Lənkəran, Astara, Şirvan rayonlarında üstünlük təşkil edir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır".