...

Ötən ay Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb

Gündəm Materials 8 Fevral 2019 19:59 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin eyni ayına nisbətən 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz artıb.

Trend-in məlumatına görə, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz azalıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun və mal əti, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik və spirtli içkilərin qiymətlərində artım, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd və yerkökünün qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri və onların ehtiyat hissələri, velosipedlər, paltaryuyan maşınlar, soyuducular, televizorlar, planşet tipli kompüterlər, dəftərxana ləvazimatları, kərpic, nitro və sulu boyaların qiymətlərində artım, kəsilmiş taxta, sementin, yağlı boyalar, mobil telefon və qaz plitələrinin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ölkə daxilində istirahət turlarının qiymətləri artıb, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti