Bakı. Samir Əli - Trend:
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 dəstə üzvünün cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Trend-in məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edərək işdə kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər.
Hakimlər vəsatətlərə münasibət bildirmək üçün məhkəmənin hazırlıq iclasını sabahadək təxirə salıb.