...

İgidlər məskəni, qəhrəman şəhər, erməni vandallığının qurbanı Ağdam (REPORTAJ) (FOTO)

Gündəm Materials 25 Mart 2021 15:02 (UTC +04:00)
İgidlər məskəni, qəhrəman şəhər, erməni vandallığının qurbanı Ağdam (REPORTAJ) (FOTO)

Bakı. Samir Əli - Trend:

Səhər saat 07:00. Bakıdan çıxırıq, istiqamət Ağdamdır. Sevincimin həddi-hüdudu yoxdur. 30 il işğalda olmuş və Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti nəticəsində işğaldan azad olunmuş Qəhrəman şəhərə yollanırıq. Yol getdikcə tələsirəm, təyinat nöqtəsinə çatmaq üçün can atıram. Yolboyu yalnız bir şey fikirləşirəm – Ağdama çatım.

Bərdə rayonunu keçəndən sonra ab-hava tam dəyişir. Axşamdan qeyri-sabit hava şəraiti birdən-birə mülayimləşir. Ağdam ərazisinə xoş, zəif günəşli bir qış havası ilə daxil oluruq. Sanki burada iqlim də tam başqadır, fərqlidir. Ağdama yaxınlaşdıqca içimdə bir həyəcan yaranır. Düşünürəm ki, nələr görəcəm, hansı mənzərə ilə qarşılaşacam.

Nəhayət, Ağdam ərazisi ilə hərəkət edərək işğaldan azad olunan kəndlərimizə çatırıq və həyəcan durmadan artır, sevincdən gözümün pərdəsi yaşarmağa başlayır. İlahi, ərazilərimizin işğaldan qurtulmağını görmək mənə də nəsib olarmış.

Və... İşğal dövründə Azərbaycanın nəzarətində olan, düşmənə sinə gərən sonuncu kənd – Ağdamın Əfətli kəndi. Kəndin ərazisində bir çox evlər ermənilərin artilleriya atəşləri nəticəsində zərər çəkib. Amma ermənilərin dinc əhalini hədəf almasına baxmayaraq, qəhrəman ağdamlılar evlərini tərk etməyib. 90-cı illərdə olduğu kimi bu kəndin camaatı yenə də düşmən qarşısında məğrur dayanıb.

Bu kənddən sonra bizi hərbçilərimiz postda qarşılayır. Daha sonra polis və hərbçilərdən ibarət kalonun müşaiyəti ilə işğaldan azad olunan Ağdam şəhərinə yollanırıq. Ermənilərin “keçilməz ohanyan səddi” adlandırdıqları səngərlər, bunkerlər, 100 hektarlarla məhv edilmiş üzüm bağları, dağıdılmış kənd evlərinin yarımçıq divarları arasından gedən köhnəlmiş asfalt yollarla Ağdamın mərkəzinə gəlirik. Yolboyu dəhşətli mənzərələrin şahidi oluram. Kəndlər məhv edilib, qəbir daşları dağıdılıb. Ermənilər doğrudan da insana xas olmayan dəhşətli vandallıq həyata keçiriblər Ağdamda. Qəhrəman şəhərdə demək olar ki, daşı daş üstə qoymayıblar.

Sevinc göz yaşlarımın kədərə qarışdığı anlarda rastlaşdığım ilk qürurverici an – Ağdamın mərkəzində asfaltlanmış kiçik meydançada ucaldılan Azərbaycan bayrağı dalğalanaraq bizi salamlayır. Bax bundan fərəhli nəsə ola bilməz insan üçün. Ağdamın mərkəzində Ali Baş Komandanın qaldırdığı Azərbaycan bayrağı. O an keçirdiyim hissləri, qüruru, fərəhi dillə demək mümkün deyil. Sevinc göz yaşlarımdan içimdə bir qürurlu hayqırtı yaranır və özümü saxlaya bilmirəm, hönkürürəm. Bayrağın yanında çox dayanmaq imkanımız yoxdur, müşahidə kalonundan ayrılmaq olmaz. Amma ayrıla bilmir insan bu mənzərədən.

Bayraqla vidalaşıb işğaldan azad edilən Ağdam Cümə Məscidinə yaxınlaşırıq. Bu da möhtəşəm mənzərədir. 30 il erməni cinayətkarlarının işğalında olan, Azərbaycanın qədim tarixi abidəsi – Ağdam Cümə Məscidindəyik. Ermənilər bu məscidlə sözün əsl mənasında vəhşi kimi davranıblar. Məsciddə əsl erməni iyrəncliyi kənardan hiss edilir. Binanın dağıdılmasına cəhd, illərin zibil qalıqlarından yeni təmizlənmiş döşəmə və sair. Məscid işğaldan azad edilən kimi dərhal xüsusi vasitələrlə işıqlandırılıb. Elə bu işıqlandırma da hazırda Ağdamı tərk edib Ağdərədə məskunlaşan ermənilərə Azərbaycan dövlətinin qururunu nümayiş etdirir.

Məscidin yaxınlığında daha bir erməni vandalizmi ilə üzləşirik. Ermənilər burada Ağdamın daha bir mədəniyyət təcəssümü olan Ağdam Dövlət Dram Teatrının binasını yerlə yeksan edib. Xüsusi vəhşiliklə məhv edilən teatr binasının yeri və parçalanmış divarları qalıb. Başqa heç nə qalmayıb o möhtəşəm binadan. İnsan bu mənzərəni gördükcə dəhşətə gəlir, insana xas olmayan bu vəhşiliklər daxildə xüsusi bir nifrət yaradır. Anlayırsan ki, erməni tək Azərbaycanın yox, dünyanın, dünya mədəniyyətinin ən murdar düşmənidir. Erməninin Ağdamda törətdiyi vəhşiliklər, vandallıqlar yalnız bunu deməyə əsas verir.

Şəhərdən ayrılıb işğaldan azad edilən digər ərazilərimizə yollanırıq. Yolboyu yalnız eyni mənzərələrlə rastlaşırıq, dağılan evlər, məhv edilən ərazilər, minalanmış sahələr, qəbir daşları sökülmüş qəbiristanlıqlar və sair. Yolboyu bir neçə yerdə vaxtilə ermənilərin işğal etdikləri ərazilərimizdə qurduqları səngərlər, postlarda dayanan Azərbaycan əsgərləri ilə rastlaşırıq. Hər bir əsgərin üzündə sanki bir qürur, bir nur var. Postlarımızda əzmlə dayanan Azərbaycan əsgərlərinin üzündən oxunur daxilləri. Sifətlərindən mərdlik, cəsarət, qəhrəmanlıq yağır Azərbaycan əsgərinin. Çünki artıq onlar qalib ordunun qəhrəman əsgərləridir.

Hərbi hissədə əsgər və zabitlərimizlə görüşürük. Hamısı bir-birinə bənzəyir. Duruşundan mərdlik, cəsarət və fəxarət yağır Azərbaycan əsgərinin. Hərbi hissədə olan əsgərlərin əksəriyyəti ilə danışıram, hansı rayondan xidmətə gəldiyini soruşuram. Əksəriyyəti müharibə vaxtı orduya könüllü yazılanlardır. Ən maraqlı bilirsiniz nədir? Söhbətləşdiyim 10 hərbi qulluqçunun 6-7-si ağdamlıdır. Müharibə vaxtı ağdamlılar döyüşlərə könüllü qoşulub və düşmənə sipər olub. Bu fakt daha qürurvericidir. Mollalıdan, Qarağacıdan, Əfətlidən, Şahbulaqdan, Quzanlıdan, Xındırıstandan, Şahbulaqdan, Maqsudludanam deyir burdakı ağdamlılar. Öz-özünə düşünürsən ki, doğrudan da Ağdama “Qəhrəman şəhər” adını əbəs yerə verməyiblər. Bu rayonun bapbalaca daxmalarında necə böyük qəhrəmanlar yetişibmiş, İlahi. İnsan bu qəhrəmanlarla danışdıqca fərəhdən gözləri dolur və hər bir əsgərinə ürəyini çıxarıb vermək istəyirsən.

90-cı illərin əvvəllərində də ağdamlılar xüsusi qəhrəmanlıqlar göstərib. Birinci Qarabağ müharibəsində ilk özünümüdafiə batalyonu da məhz ağdamlılardan ibarət olub və ağdamlılar Ağdamı tərk etməyib, sona qədər döyüşüblər. Bu gün də həmin ağdamlılar könüllü olaraq orduya səfərbər olublar və qəhrəmanlıqlarını davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti