Bakı. Elçin Mehdiyev – Trend:
Hesablama Palatası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlı nöqsanlar aşkar edib.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının rəyində bildirilir.
Qeyd olunur ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsində, əməkhaqlarının hesablanmasında, məktəbəqədər təhsil müəssisələrində uşaqların keyfiyyətli ərzaq məhsulları ilə təminatında və müqavilə şərtlərinə əməl olunmasında, dövlət satınalmalarının təşkilində, habelə alınan mal-materialların orta bazar qiymətinin müəyyən olunmasında, maliyyə hesabatlarının tərtibatı və dövlət əmlakından istifadə ilə bağlı həyata keçirilmiş əməliyyatlarda audit meyarları ilə müqayisədə uyğunsuzluq halları müşahidə olunur.
Audit obyekti tərəfindən nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər: Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən auditin nəticələri üzrə akar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İşçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq ödənilmiş 5453,0 manat, 1- 6 yaş kateqoriyasındakı uşaqlara dənəvər qəhvə əvəzinə verilmiş kakaoya görə ödənilmiş 40951,0 manat, çörəyin növləri arasında (I növ və II növ) qiymət fərqi üzrə 29129,3 manat, işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə düzgün olmayaraq ödənilmiş 29207,4 manat (o cümlədən 2020-ci il ərzində 13210,2 manat), istehlak olunmuş suya görə podratçıya artıq ödənilmiş 6020,0 manat, cari təmir, kommunal və kommunikasiya, abadlaşdırma işlərinin yerinə yetirilməsinə görə artıq ödənilmiş ümumilikdə 38673,31 manat, müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi üzrə geçikdirilmiş günlər üçün hesablanmış cərimə məbləği üzrə 3440,0 manat, 1995-2011-ci illərdə ərzaq məhsullarının alınmasına görə yaranmış 9021,46 manat və Yasamal Qaz İdarəsi üzrə təbii qazın alınmasına görə yaranmış 144,96 manat debitor borc məbləği, malların orta bazar qiymətindən baha alınması hesabına artıq ödənilmiş 350000,0 manat, ümumilikdə 512040,4 manat məbləğində vəsait büdcəyə bərpa edilib.