Bakı. Trend:
Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkara qanunvericiliyin tələbləri izah olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.