Bakı. Trend:
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin doğum günü münasibəti ilə mərasim keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin, Xətai və Suraxanı rayonları icra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər, məktəblilər əvvəlcə İkinci Şəhidlər xiyabanında olub və igid zabitin məzarı önünə əklillər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Respublikamızın ərazi bütövlüyünün qorunması və bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
Polkovnik Abdulla Qurbani 27 sentyabr – Anım Günü ərəfəsində respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə silsilə tədbirlərin keçirildiyini qeyd edərək bildirib ki, Vətən müharibəsində şəhadətləri ilə tarix yazan və adları tarixə yazılan igid oğullarımızdan biri də şəhid zabitimiz Rəşad Quliyevdir. O, 23 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Əslən Quba şəhərindəndir. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.
Nəzərə çatdırılıb ki, Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıqlar, şəxsi rəşadət və şücaət nümunələri göstəriblər.
2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalan tabor komandiri həm sağlığında, həm də ölümündən sonra dövlət səviyyəsində yüksək qiymətləndirilib, döyüş orden və medalları ilə təltif olunub.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri tanınmış yazıçı-jurnalist Vüqar Rəhimzadə bir daha Quliyevlər ailəsinə Vətənə Rəşad Rəşid oğlu kimi igid övlad bəxş etdiklərinə görə minnətdarlıq edib və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan qəhrəman zabitin həyat və döyüş yolunun bundan sonra da gənclər tərəfindən diqqətlə öyrəniləcəyinə, yeni-yeni Rəşadların yetişəcəyinə əminliyini bildirib.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov respublikamızın bütün regionlarında olduğu kimi Xətai rayonunda da Vətən müharibəsi tarixinin təbliği, öyrənilməsi, o cümlədən Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov şəhid Rəşad Quliyevlə bağlı xatirələrini bölüşüb.
Nazirliyin əməkdaşı polkovnik Elvin Əzizov Vətən müharibəsi şəhidlərinin hər birinin xatirəsinin əziz tutulduğunu və onların xatirə tədbirlərinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini deyib.
Vətən müharibəsi qaziləri sevimli komandirlərinin yüksək iradə, mənəvi keyfiyyətlərindən danışıb, hər bir əsgəri özünə dost, qardaş bildiyini minnətdarlıqla yada salıblar.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Şəhid zabitin anası Mətanət Quliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib, Şuşa şəhərinə səfər təəssüratlarını danışaraq möhtəşəm Zəfərin qazanılmasında şəhid oğlunun da xidmətlərinin olduğuna görə qürur hissi keçirdiyini qeyd edib və gəlini Afət xanımla birlikdə nəvələri Damla ilə İncini şəhid atalarının adına layiq övlad kimi tərbiyə edəcəklərinə söz verib.
Tədbir hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.