Bakı. Fərid Zöhrabov - Trend:
Hazırda Azərbaycana dünyanın müxtəlif ölkələrindən satış məqsədilə "ikinci əl" avtomobillər gətirilir. Bu avtomobillərin əksəriyyətinin vəziyyəti o qədər də ürəkaçan olmur.
Bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin Azərbaycana satmaq üçün gətirdiyi əksər avtomobillər yağışın, qarın altında saxlanılan maşınlardır. Belə halda, onların alt hissələri korroziyaya uğrayır, elektrik naqillərində və digər detallarında problem yaranır. Ən təhlükəlisi isə avtomobillərin elektrik sisteminə suyun keçməsidir. Bu zaman onların yanma ehtimalı daha da çoxalır. Xaricə satış üçün çıxarılan avtomobillərin əksəriyyətinin sürət qutusunun, detallarının dəyişdirilməsinə rast gəlinir. Buna görə də xaricdən alınan işlənmiş avtomobillərin son vaxtlar hərəkətdə olarkən, dayandığı yerdə yandığının tez-tez şahidi oluruq.
Belə avtomobillərin ölkəmizə gətirilməsində bəzi işbazların əsas məqsədi çox pul qazanmaqdır. Çünki bu avtomobillər xaricdə daha ucuz satılır. Satıcılar həmin avtomobillərin korroziyaya uğramış detallarını rəngləməkdən də çəkinmirlər", - E.Muradlı deyib.
Ekspert bildirib ki, son zamanlar xaricdən satış məqsədilə avtomobil gətirən şəxslərin bəziləri avtomobillərin katalizatorlarını belə çıxarırlar.
"Zavoddan buraxılarkən avtomobilin üzərində olan əsas katalizatoru çıxarıb, yerinə 150-200 manatlıq ucuz katalizator qoyub satırlar. Ucuz katalizatorlar bir müddətdən sonra sıradan çıxır. Bunu edənlər əsasən fərdi qaydada avtomobil alveri ilə məşğul olan şəxslərdir. Katalizatordan başqa təkərləri, diskləri, yanğınsöndürmə balonunu, dərman qutusunu belə satırlar.
Bunların qarşısını almaq üçün gömrük-keçid postlarında qanunvericiliklə müəyyən edilmiş qaydada texniki müayinə mərkəzi yaradılmalıdır ki, bu avtomobillər tam olaraq yoxlanıldıqdan sonra ölkəyə buraxılsın. Gəmi, dəmir yolu, təyyarə ilə daşımalarda da belə nəzarət həyata keçirilməlidir. Əks halda, bu cür ölümsaçan maşınların ölkəyə daxil olmasının qarşısını almaq çətin olur", - deyə ekspert bildirib.