Bakı. trend:
İyulun 15-i Daxili İşlər Nazirliyində (DİN) 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
DİN-dən Trend-ə bildirilib ki, iclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb.
Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən cənab Prezidentin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 26 əməkdaş dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.
İlin ikinci yarısında da qarşıda mühüm vəzifələrin durduğunu
qeyd edən general-polkovnik V.Eyvazov onların ətraflı müzakirə
edilməsi, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə
təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin
vacibliyini bildirib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis
general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda daxili işlər və
prokurorluq orqanları üzrə 17.411 cinayətin qeydə alındığını,
onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır
növlər olduğunu, 90,2 faizinin açılmasının təmin edildiyini,
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş
vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanların 2 faiz, o
cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9,
soyğunçuluqların 9,7, quldurluqların 0,8, hədə-qorxu ilə tələb
etmələrin 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılmasının
2,2 faiz yaxşılaşdığını qeyd edib. Prokurorluq orqanları ilə birgə
keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin
açıldığını, 4.832 hüquqazidd əməlin qarşısının alındığını,
axtarışda olan 2.685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə
təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki
şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirildiyini
vurğulayıb.
Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 473 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox – 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.
Həmçinin, bildirib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində Nazirliyin rəhbərliyi tərəfindən 1.362, o cümlədən, kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 748 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti öz qanuni həllini tapıb.
Məruzəətrafı çıxışlarda bir sıra ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olmasını, fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulmasını tələb edib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə
elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və
fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin
mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir
şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı
müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin
peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini Kollegiya
iştirakçılarının nəzərinə çatdırıb.
Nazirliyin tədris müəssisələrində tədris və təlim prosesinin
qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdiyini də qeyd edən
general-polkovnik Vilayət Eyvazov ixtisaslı kadr hazırlığı, kursant
və dinləyicilərdə analitik düşüncə tərzinin, müasir
texnologiyalarla işləmək və ekstremal şəraitdə düzgün qərar
çıxarmaq bacarığının formalaşdırılması üzrə görülən işlərə, bu
istiqamətdə əldə olunmuş müsbət nəticələrə diqqət çəkib, möhkəm
intizamın təməli sayılan hərbi, fiziki və sıra hazırlığının
yüksəldiyini bildirib.
Kollegiya müzakirə olunan məsələ üzrə qarşıda duran vəzifələrlə
bağlı qərar qəbul etdi və növbəti iclasında onun icra vəziyyətinə
dair hesabatların dinləniləcəyi nəzərə çatdırıldı.
Nazir Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki
bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin
gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali
diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
şəxsi heyət adından minnətdarlığını bildirib və əmin edib ki,
ölkədə asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq
qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da layiqincə
yerinə yetiriləcək.