Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, ötən gün Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib. Partlayış nəticəsində mənzilin tavanı və binanın damı uçub.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.