Bakı. Trend:
"Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib.
Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.