...

"Lukoil"un yanacaqdoldurma məntəqəsinə silahlı basqını Baş Prokurorluq araşdırır (yenilənib)

Hadisə Materials 31 Oktyabr 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Dünən axşam Bakının Nizami rayonu ərazisində, H. Əliyev prospektindəki "Lukoil" yanacaqdoldurma məntəqəsinə maskalıların silahlı basqını ilə bağlı cinayət işinin istintaqını Baş Prokurorluq aparır.

Nizami rayon prokurorluğundan çərşənbə günü Trend ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181) və qanunsuz odlu silah gəzdirmə, saxlama (228) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində cinayət işi başlanıb.

Oktyabrın 30-u gecə saatlarında Bakının Nizami rayonu ərazisində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinə naməlum şəxslər silahlı basqın edib.

Hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şahmar Paşayev jurnalistlərə açıqlamasında bildirib ki, hadisə təxminən saat 23 radələrində baş verib. Basqın zamanı orada müştəri qismində taksi kimi istifadə edilən "Jiquli" markalı avtomobil olub. 3 nəfər əliavtomatlı şəxs həmin vaxt operatorlara yaxınlaşaraq, pul tələb edib.

Paşayevin dediyinə görə, basqınçılar yanacaqdoldurma məntəqəsindən 2 min 800 manat məbləğində pul götürüblər.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində operator işləyən Samir Quliyev ağır bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Basqın edənlərin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Onların tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Nizami RPİ-nin 23-cü polis bölməsi araşdırma aparır.

Bu fakt son yarım ayda resbublikada dördüncü, Bakıda isə, ikincidir.

Bir müddət öncə Gəncədə "Azərpoçt"un Gəncə Filialına, "Masallı" Mebel fabrikinin Gəncədəki filialına naməlum şəxslər basqın edib.

Oktyabrın 19-da isə, beş maskalı şəxs "ABU-Petrol" şirkətinin Abşeron rayonunun Müşfiq qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək, məntəqənin işçilərinə xəsarət yetirib, onların mobil telefonlarını, həmçinin, məntəqəyə məxsus 1300 manat pulu aparıb.

Həmin basqınları törədən şəxsləri müəyyən etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti