Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Qaradağ rayon Prokurorluğunda yalan ifadə verdiyi üçün axtarışda olan sürücü tutulub. Bu barədə Qaradağ rayon Polis İdarəsinin 38 - ci polis bölməsindən çərşənbə axşamı Trend -a məlumat verilib.
Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 38 - ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, 15 gün əvvəl barəsində Azərbaycan Cinayət Məcəlləsinin bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə (297- ci) maddəsi ilə axtarış elan olunan 41 yaşlı Etibar Şükürov noyabrın 16 - da tutulub. Şükürovun "KamAZ" sürücüsü olduğu bildirilir.
Şükürov Qaradağ rayon Prokurorluğunda dindirmə zamanı yalan ifadə verməkdə təqsirli bilinir.
Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]