Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın İsmayıllı rayonunda yağan güclü leysan yağışlar 3 kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub.
Rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rəfael Əhmədov bazar ertəsi Trend-ə bildirib ki, iyunun 20-dən 21-nə keçən gecə yağan güclü leysan yağışları nəticəsində İstisu, Sumağallı və Qalacıq kəndlərinin rayonla əlaqəsi kəsilib.
Komissiya sədrinin sözlərinə görə, hər 3 kəndi rayon mərkəzi ilə birləşdirən Göyçay çayı üzərindəki körpü ilə həmin kəndlər arasındakı ərazini sel suları yuyub.
Göyçay çayı üzərindəki körpü və ətraf yollar tamamilə yarasız hala düşüb.
Əhmədov bildirib ki, hazırda həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsini bərpa etmək məqsədilə aparılan işlər yekunlaşmaq ərəfəsindədir.
Onun sözlərinə görə, günün sonunadək hər 3 kəndin rayon mərkəzi ilə əlaqəsi bərpa olunacaq.
İsmayıllı rayonu Bakıdan 185 kilometr aralıda yerləşir.