Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bayram günləri 47 yol qəzası qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, dekabrın 31-dən yanvarın 5-dək qeydə alınan qəzalarda 10 nəfər həyatını itirib, 60 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş verən qəzaların 18-i, ölümlərin 3-ü, xəsarətlərin 22-si Bakının payına düşüb.
Əliyev bildirib ki, ən çox qəza yanvarın 1-də qeydə alınıb. Ayın ilk günü baş verən 20 yol qəzası zamanı 3 nəfər ölüb, 25 nəfər yaralanıb. 12 qəza (1 ölüm, 16 xəsarət) Bakıda baş verib. Bu qəzalardan 5-i piyadavurma olub.
Şöbə rəisinin sözlərinə görə, bayram günləri qeydə alınan qəzaların əksəriyyəti toqquşma olub.
Əliyev bildirib ki, respublika əhəmiyyətli yollarda qeydə alınan qəzaların sayı az olub. Onun sözlərinə görə, bu il hava şəraiti ilə əlaqədar bayram günlərində baş verən qəzalar əvvəlki illərlə müqayisədə az olub.