Qazaxıstan, Astana, 24 may /Trend, müxbir A.Maratov/
Çərşənbə axşamı Astanada Milli Təhlükəsizlik Komitəsi departamentinin müvəqqəti saxlanma təcridxanasının binası yanında yanaraq partlayan avtomobildə ola bilsin ki, adamlar olub.
"Tez-tələsik nəticələr çıxarmaq üçün səbəb yoxdur. Bu adi hadisədir, maşının partladıldığını güman etməyə heç bir əsas yoxdur", - Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Kenjebulat Beknazarov Trend-ə bildirib. Beknazarovun sözlərinə görə, maşın əvvəlcə yanıb, daha sonra isə partlayıb. Onun sözlərinə görə, KİV əsassız olaraq bu hadisəni şişirdir.
Astana Daxili İşlər Departamentinin mətbuat katibi Oraz Nurdilda RİA Novosti-yə bildirib ki, onda olan məlumata görə, partlayan avtomobildə adamlar olub.
"Avtomobildə adamlar olub, lakin hələlik əlimdə (ölən və yaralananlar haqqında) tutarlı məlumat yoxdur", - o bildirib.
Bu zaman təcili yardım stansiyasının nümayəndəsi RİA Novosti-yə məlumat verib ki, hadisə yerində xəsarət alan və ölən olmayıb. "Adamların (xəsarət alanların) olmadığı dəqiqdir. Bütün məlumatlar (təcili tibbi yardım stansiyasına) dərhal verilir. Belə məlumat olmayıb", - agentliyin həmsöhbəti bildirib.
"Bunu terror aktı ilə əlaqələndirmək lazım deyil. Maşın həmin rayonda (MTKD MST binası yanında) dayanıbmış. Avtomobil yanıb və daha sonra partlayıb", - Qazaxıstanın xüsusi xidmət orqanının mətbuat katibi Kenjebulat Beknazarov RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, hazırda polis "bu insidentlə məşğul olur".
Bundan əvvəl, mayın 17-də səhər Qazaxıstanın Aktyubinsk vilayətində Milli Təhlükəsizlik Komitəsi departamentinin binası yanında partlayış baş vermişdi. Respublika Baş Prokurorluğunun rəsmi nümayəndəsi Jandos Umiraliyev bildirmişdi ki, mütəşəkkil cinayətkar qrupun tərkibində bir sıra cinayətlər törətməkdə şübhəli bilinən Rahimjan Makatov özünü partladıb. Bunun terror aktı olub-olmamasına dair suala Baş Prokurorluğun nümayəndəsi "yox" cavabı vermişdi. Makatov həlak olub. Partlayışda iki nəfər - MTKD-nin əməkdaşı və binanın mühafizəçisi xəsarət almışdı.