Azərbaycan, Bakı, 23 iyun /Trend/
Şərqi Qazaxıstan vilayətində dörd nəfəri pişik dişləyib. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan FHN-in vilayət departamentinin mətbuat xidməti məlumat verib.
"İnsanların yaraları o qədər dərin olub ki, Jarık kəndində hadisə yerinə cərrah həkim gedib. Hadisələrin hamısı eyni küçədə, demək olar eyni vaxtda olub", - cümə axşamı yayılan press-relizdə deyilir. Hadisənin tarixi göstərilməyib.
Nazirliyin məlumatına görə, pişik əvvəlcə küçədə paltar asan 54 yaşlı qadına hücum edib. Pişiyin ikinci qurbanı zərər çəkən qadının qonşusu olub. Sonra yırtıcı yaxınlıqdakı küçənin piyadalar üçün olan hissəsinə qaçaraq yoldan keçən iki nəfəri dişləyib.
"İnsanlar əvvəlcə şok vəziyyətinə düşərək güman ediblər ki, onlara tamamilə iki müxtəlif pişik hücum çəkib. Lakin şahidlər dörd nəfərin hamısına bir pişiyin hücum etdiyini bildiriblər", - mətbuat xidməti Jarmin rayonunun rəis müavini Kanat Kasenova istinadən məlumat verib.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Təhlükəsizlik məqsədilə analizlərin cavabı verilənədək xəsarət alanları təcrid ediblər. Tutulan pişik quduzluğun yoxlanılması üçün vilayət laboratoriyasına göndərilib.
Hazırda pişiyin sahibinin olub-olmaması dəqiqləşdirilir.