...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizası bir ay çəkəcək

Hadisə Materials 26 İyul 2011 12:37 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizasına başlanılıb.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizası bir ay çəkəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizasına başlanılıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev məlumat verib.

Musayev bildirib ki, meyitlərin qalıqları dünən Birliyə təqdim olunub. Meyitlərin qalıqlarının şəxsiyyətinin və ölümün baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Birliyin ekspertləri tərəfindən 6 növ - molekulyar genetik, məhkəmə bioloji, tibbi-kriminalistik, məhkəmə kimyəvi, məhkəmə histoloji, məhkəmə-tibbi ekspertizalar keçiriləcək.

Ekspertizaların 1 aya yaxın müddətdə davam edəcəyini deyən Musayev bildirib ki, Birliyin maddi-texniki bazası və kadr potensialı ekspertiza qarşısında qoyulan məsələlərin həllinə tam imkan verir.

İyulun 6-na keçən gecə Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb.

Qəza zamanı ölən 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar.

Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarə Əfqanıstan ərazisində qəzaya uğrayıb. Yerli vaxtla saat 21:26-da havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti