...

Suriyada iğtişaşlar nəticəsində 21 nəfər ölüb

Hadisə Materials 15 Oktyabr 2011 12:10 (UTC +04:00)
Suriyada cümə nümayişləri zamanı ölkənin təhlükəsizlik qüvvələri ilə qiyamçılar arasında baş verən qarşıdurma nəticəsində 21 nəfər dünyasını dəyişib.
Suriyada iğtişaşlar nəticəsində 21 nəfər ölüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Oktyabrın 14-də Suriyada cümə nümayişləri zamanı ölkənin təhlükəsizlik qüvvələri ilə qiyamçılar arasında baş verən qarşıdurma nəticəsində 21 nəfər dünyasını dəyişib. Bu barədə Trend şənbə günü "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Üsyançılar iddia edirlər ki, ölənlər arasında xeyli azyaşlı uşaqlar var. Suriyanın müxtəlif şəhərlərində etiraz aksiyaları cümə namazından dərhal sonra başlayıb. Üsyançılar hakim rejimin istefaya getməsini tələb ediblər.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, indiyə qədər toqquşmalar nəticəsində ölənlərən sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir. Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.

Oktyabrın 4-də BMT Təhlükəsizlik Şurasında Suriya üzrə qətnamə layihəsinin səsverməsi zamanı Rusiya və Çin veto hüququndan istifadə edib. Qətnamə layihəsi Suriya hökumətinin müxalifətə təzyiq göstərməyə davam etdirəcəyi təqdirdə, bu ölkəyə sanksiyaların tətbiq edilməsini nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti