...

Bakıda pirat CD və DVD-lər aşkar edilib

Hadisə Materials 2 Dekabr 2011 15:32 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi pirat CD və DVD-lər aşkar edib.
Bakıda pirat CD və DVD-lər aşkar edilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

İqtisadi İnkişaf Nazirliyi pirat CD və DVD-lər aşkar edib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 3019 ünvanında Polad Quliyevə məxsus mağazada aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı aşkar edilib.

İqtisadi İnkişaf Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, yoxlama zamanı mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsullarının satıldığı müəyyən olunub.

Bununla əlaqədar mağazada aşkar edilmiş 255 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Polad Quliyevə icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara audiovizual məhsullar alarkən onların üzərində istehsalçı barədə müvafiq məlumatların olmasına diqqət göstərməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti