Azərbaycan, Bakı, 14 yanvar /Trend/
İraqın cənubunda baş vermiş iri terror aktının qurbanlarının sayı 32 nəfərədək artıb, yüzdən artıq adam yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi polisə istinadən məlumat yayıb.
"Bir az əvvəl 20 nəfərin öldüyü, 70 nəfərin isə yaralandığı xəbər verilmişdi", - RİA Novosti yazır.
Polis paltarı geyinmiş intiharçı-terrorçu şənbə günü Bəsrə şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birindən keçən şiə zəvvarlar qrupunun yanında partlayıcı qurğunu işə salıb.
"Hazırda 32 nəfər həlak olub, yüzdən çoxu yaralanıb. Biz hücumun səbəbləri və onun necə həyata keçirilməsi haqqında ətraflı məlumatın daxil olmasını gözləyirik", - yüksəkvəzifəli məmur Əhməd əs-Sultani agentliyə bildirib.
Terror aktı şiələr üçün müqəddəs gündə, yəni Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin vəfatının 40-cı günü baş verib.