Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Səba Ağayeva/
İlkin araşdırmaların nəticələri göstərir ki, Malayziyanın qəzaya uğramış "Boeing" təyyarəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Malayziyadakı səfirliyindən bildiriblər.
Səfirlikdən deyiblər: "Təyyarənin qəzaya uğraması barədə informasiyadan dərhal sonra səfirlik Malayziya hökumətinin müvafiq strukturları ilə əlaqə yaratdı. Oradan həlak olan sərnişinlər arasında Azərbaycan vətəndaşlarının olmadığı barədə məlumat verildi".
Diplomatik missiyadan bildirilib ki, lakin Malayziya hökuməti bəyan edib ki, 41 sərnişinin şəxsiyyəti hələ müəyyən olunmayıb, ona görə də səfirlik bu məsələni diqqət mərkəzində saxlayacaq.
Bir az əvvəl "Malaysia Airlines"-in "qaynar xətti"nin operatoru bildirib ki, qəzaya uğramış təyyarədəki sərnişinlərin siyahısında Azərbaycan vətəndaşları yoxdur.
Dünən, iyulun 17-də Donetsk vilayətində göyərtəsində 295 nəfərin olduğu "Malaysia Airlines"-ə məxsus "Boeing 777" təyyarəsi qəzaya uğrayıb.
Amsterdamdan Malayziyaya uçan "Boeing 777" təyyarəsi aktiv hərbi əməliyyatların getdiyi Donetsk vilayətinin Şaxtyorsk şəhəri rayonunda düşüb. Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenkonun sözlərinə görə, aviaqəzada 280 sərnişin və 15 ekipaj üzvü həlak olub.
Onun sözlərinə görə, təyyarəni 10 kilometrə yaxın yüksəklikdə vurublar. Hələlik bu məlumat rəsmən təsdiqlənməyib.
Böyük Britaniya BMT TŞ-da qəzadan sonra Ukraynanın şərqində "Malaysia Airlines"-in qəzaya uğramasından sonra bu ölkədəki vəziyyət üzrə təcili iclasın çağırılmasını vacib hesab edir. Bunu Birləşmiş Krallığın BMT yanındakı daimi nümayəndəsi Mark Layall Qrant bəyan edib. O qeyd edib ki, Böyük Britaniya əvvəllər bu mövzuda təcili sessiyanın keçirilməsini xahiş etməyi planlaşdırmışdı.