...

Nəvə dostunun kredit borcuna görə babasının inəklərini oğurladı (FOTO)

Hadisə Materials 29 Oktyabr 2015 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Şəmkir sakini dostu ilə birlikdə babasına məxsus iribuynuzlu heyvanları oğurlayıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 2 baş inəyi 200 manata satan gənclər əldə etdikləri pulla banka olan kredit borclarını ödəyiblər.

Şəmkir rayon Şiştəpə kənd sakini Zərinə Hacıyeva polisə ərizə ilə müraciət edərək atasına məxsus hər birinin dəyəri 1000 manat olan iki inəyin tövlədən oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri qısa müddətdə öz bəhrəsini verib. Polis oğurluğu törətməkdə şübhəli bilinən Əvəz Mahmudov və dostu Səfər Nağıyevi saxlayıb. Ə.Mahmudov zərərçəkən Oruc Hüseynovun nəvəsidir.

Müstəntiq Taleh Şamilov deyib: "Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq edən 1989-cu il təvəllüdlü Şiştəpə kənd sakini Nağıyev Səfər Novruz oğlu və 1993-cü il təvəllüdlü həmin kənd sakini Mahmudov Əvəz Azad oğlu olub".

Gənclər oğurladıqları mal-qaranı Zəyəm qəsəbəsi ərazisindəki bazara gətirərək orada 200 manata satıblar. Əldə etdikləri pulu isə öz aralarında bölərək banka olan kredit borclarını ödəyiblər.

Saxlanılan şəxs Səfər Nağıyev: "Mərkəzdə birlikdə çay içdik. Sonra isə qərara gəldik ki, Əvəzin babası Oruc kişinin tövləsindən oğurluq edək. Gedib heyvanları oğurladıq. Sonra isə 200 manata satıb aramızda böldük. 40 manatını kreditə verdim. Yerdə qalanını isə xərclədim".

Babasının evindən oğurluq edən Ə.Mahmudov əməlinə görə peşman olduğunu bildirib. Saxlanılan şəxs onu oğurluğa dostunun vadar etdiyini deyib: "Babamın evi idi. Səfərlə getdik, inəkləri tövlədən açıb çıxardıq. Sonra isə Zəyəm bazarında satdıq".

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində cinayət işi başlanıb. İstintaq aparılır. Polis zərərçəkənlərin sayının artacağını istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti