Bakı. Samir Əli - Trend:
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı elmar Vəliyev və polis əməkdaşlarına qarşı sui-qəsd törətməkdə təqsirləndirilən Yunis Səfərov və digər 11 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nazim Musayev işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim tərkibinin baxmasına etiraz edib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsi var, bu səbəbdən də işə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxa bilməz və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir.
Məhkəmə etirazın baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar verib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.