...

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (FOTO/VİDEO)

Hadisə Materials 6 Dekabr 2022 11:33 (UTC +04:00)
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Trend-ə verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt tərtib olunmuş layihəyə uyğun inşa olunmayıb, iaşə obyektinə məxsus tikililərin yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin yeraltı yanacaq çənləri ilə ara məsafəsi normalara uyğun olaraq 25m əvəzinə 3m təşkil edir;

- obyekt ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıqlarla təmin edilməyib;

- otaqlarda qurulmuş yanğınxəbərverici siqnalizasiya sistemi işlək və saz vəziyyətdə deyil, normalara uyğun detektorlarla təmin edilməyib və s.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti