...

Qubada “Asma körpü” istirahət mərkəzində nöqsanlar aşkar edildi (FOTO/VİDEO)

Hadisə Materials 12 Avqust 2025 17:17 (UTC +04:00)
Qubada “Asma körpü” istirahət mərkəzində nöqsanlar aşkar edildi (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qubada “Asma körpü” istirahət mərkəzində nöqsanlar aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

"Belə ki;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətinin yoxlanılması barədə akt tərtib edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib",- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti