Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Trend in bölgə müxbirinin məlumatına görə, Gəncədə cümə günü axşam saatlarında Tağı Ərani küçəsində, Gəncə çayının sol sahilində tikilən şadlıq evinin uçması nəticəsində tikintidə çalışan iki fəhlə ağır bədən xəsarəti alıb. Onlardan biri 1986-cı il təvəllüdlü Qazax rayon Alpolu kənd sakini Asif Əsəd oğlu Qurbanov müxtəlif dərəcəli əziklərlə Gəncə Təcili Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər zərərçəkmiş 1977-ci il təvəllüdlü Samux rayon Əhmədbəyli kənd sakini Cəmaləddin Ələddin oğlu Əliyev isə sol ayaq topuğunun sınığı ilə travmatalogiya şöbəsinə yerləşdirilib.
Gəncə Şəhər Prokurorluğundan bildiriblər ki, xəsarət alanlardan Asif Qurbanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Digərinin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, istintaq hərəkətləri aparılır. Tikintinin hansı şirkət tərəfindən aparıldığı isə dəqiqləşdirilir.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.